Audiovizual Şura, MEDİA Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə milli mətbuatımızın 149 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə milli mətbuatımızın yaranmasına həsr olunmuş "Azərbaycan Milli Mətbuatı - 149" adlı tədbir keçirilmişdir.
Dövlət Himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş Vətən övladlarının və şəhid jurnalistlərin anılmasından sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov bildirmişdir ki, Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin qoyduğu möhkəm təməllər üzərində inkişaf etməkdədir. Sonrakı 149 ildə Azərbaycan mətbuatı çətinliklərə baxmayaraq, həmin bünövrə üzərində sürətli inkişaf yolu keçmiş və uğurlar qazanmışdır. Azərbaycanda mətbuatın inkişafında Ümummilli Lider Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.
Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev hələ sovet vaxtında Azərbaycana rəhbərlik etdiyi dövrdə jurnalistikaya, söz azadlığına böyük önəm vermişdir. Azərbaycanda uzun illərdən bəri mövcud olan senzuraya 1998-ci ildə Ümummilli Liderin fərmanı ilə son qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin başlatdığı mətbuata dəstək siyasəti Prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Audiovizual Şurasının üzvü Bəxtiyar Qaraca bildirmişdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın bir sıra mətbuat nümayəndələri də döyüşlərdə iştirak etmişdir. Azərbaycan jurnalistləri həm ön, həm də arxa cəbhədə vətənə fədakarlıqla xidmət etmişlər. Jurnalistikanın daşıdığı missiyanın cəmiyyət həyatında müstəsna əhəmiyyət kəsb etdiyini deyən Bəxtiyar Qaraca media peşəkarlığı amilinin hazırkı informasiya daşıyıcılarının bolluğunda başlıca meyar olduğunu qeyd etmişdir. Peşəkarlıq sözdür, sözü dolğun şəkildə cəmiyyətə çatdırmaqdır, onun gücünü nəzərə almaqdır. B.Qaraca bildirmişdir ki, Həsən bəy Zərdabi şəxsiyyətinin yaratdığı mətbuat da azad sözü, düşüncə müxtəlifliyini inkişafa aparan yol olaraq görürdü.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu çıxışında vurğulamışdır ki, Həsən bəy Zərdabi tərəfindən təməli qoyulmuş Azərbaycan mətbuatının inkişafı, həm də milli şüur tariximizin ayrılmaz hissəsidir. Bu tarix Azərbaycanın XX əsrdəki ikinci müstəqilliyi dönəmində zənginləşdi. Zənginliyin memarı isə ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyev şəxsiyyəti tərəfindən senzuranın ləğvi yalnız mətbuatda deyil, bütövlükdə cəmiyyətdə fikir plüralizminin dərinləşməsi baxımından bənzərsiz hadisəyə çevrildi və gələcək inkişaf üçün mayak rolunu oynadı.
Tədbirdə Medianın İnkişafı Agentliyi tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda təşkil edilmiş müsabiqənin və "MEDİAlab" layihəsi çərçivəsində keçirilmiş Kreativ Media Bakı məzmun müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. Tədbir daha sonra bədii hissə ilə davam etmişdir.