Azərbaycan Respublikası Audiovizual Şurası

Rotterdam şəhərində Avropa audiovizual media tənzimləyicilərinin platforması olan EPRA-nın 59-cu Toplantısı keçirilmişdir

 

Niderland Krallığının Rotterdam şəhərində 5-8 iyun 2024-cü il tarixlərində Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 59-cu Toplantısı keçirilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurasını toplantıda Şura Aparatının rəhbəri Fazil Novruzov təmsil etmişdir.

Qeyd edək ki, Avropanın ən nüfuzlu audiovizual media tənzimləyicilərinin şəbəkəsi olan EPRA-nın bu toplantısına 47 Avropa dövlətindən 50 audiovizual media üzrə tənzimləyici orqanın rəhbərləri və nümayəndələri, həmçinin, Avropa Komissiyasının, Avropa Şurası tərkibində fəaliyyət göstərən Media Bölümünün, Avropa Audiovizual Rəsədxanasının müşahidəçiləri daxil olmaqla 140-dan çox nümayəndə və ekspert qatılmışdır. 

Tədbir çərçivəsində keçirilən plenar sessiyalarda "Media savadlılığı və seçkilər" və "Süni zəka və media tənzimləyicisi" mövzularının müzakirəsi aparılmışdır. Son illər süni zəkanın tətbiqi ilə bağlı yaranan imkanlar və çağırışlar, habelə tənzimləyici qurumların bu yeniliklərə hazır olmaları üçün zəruri alətlər və mexanizmlər EPRA çərçivəsində geniş diskussiyaların predmetidir. Toplantı zamanı, həmçinin, audiovizual media tənzimlənməsi sahəsində Avropada baş verən son yeniliklər barədə ölkələrin qısa məlumatları dinlənilmişdir.

Plenar sessiyalardan əvvəl EPRA-nın 2024-cü il büdcəsinin həyata keçirilməsi ilə bağlı İdarə heyətinin hesabatı dinlənilmiş, EPRA İdarə Heyətinin bir üzvünün istefa verməsindən sonra yaranan vakant üzv yerinə seçkilər keçirilmiş və Albaniyanın tənzimləyiqi qurumu olan AMA-nın sədri xanım Armela Krasniqi İdarə Heyətinə yeni üzv seçilmişdir.

Platformanın növbəti toplantısı cari ilin oktyabr ayında Kipr Respublikasının Radio-Televiziya Qurumunun dəvəti və təşkilatçılığı ilə Nikosiya şəhərində keçiriləcəkdir.