Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən seminarda iştirak edir

 

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, həmçinin bir sıra dövlət qurumlarının məsul şəxslərindən ibarət nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunan "İnformasiya xidmətləri 2024: milli və beynəlxalq təcrübə" adlı seminarda iştirak edirlər.

Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi tərəfindən təşkil olunan tədbirdə Türk Dövlətləri Təşkilatı ölkələrinin müvafiq qurumları arasında səmərəli kommunikasiyanın qurulması, qarşılıqlı informasiya mübadiləsi və dialoqun aparılması əsas mövzulardandır. Türk dövlətləri yalnız iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində deyil, həmçinin informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə maraqlıdır. Buraya, feyk xəbərlərlə və dezinformasiya ilə birgə mübarizə, qurumlar arasında operativ dialoq daxildir. Bu məqsədlə üzv ölkələrin media və dövlət qurumlarının nümayəndələri mütəmadi olaraq Azərbaycan, Türkiyə və Qazaxıstanda keçirilən tədbirlərdə (seminar, treninq, forum və sairə) iştirak edirlər.

Seminarda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin departament müdiri Rasim Bağırov Azərbaycanda KİV-lər, medianın inkişafı tendensiyaları, dövlət qurumları ilə media arasında əlaqələr barədə təqdimatla çıxış etmişdir. Bundan başqa, Türkiyə, Qazaxıstan və Özbəkistanın müvafiq qurumlarının nümayəndələrinin məruzələri dinlənilmişdir. Tədbir may ayının 30-dək davam edəcəkdir.