Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şuranın sədri İsmət Səttarov RTÜK-ün 30 illik yubiley tədbirində iştirak etmişdir

 

29 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov və Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov Türkiyə Respublikasının media tənzimləyici qurumu olan Radio Televiziya Ali Şurasının (RTÜK) yaranmasının 30 illik yubiley tədbirində iştirak etmişlər.

RTÜK-ün inzibati binasında təşkil olunan yubiley tədbirində RTÜK-ün üzvləri və əməkdaşları ilə yanaşı, Azərbaycan, Albaniya, Şimali Kipr tənzimləyici qurumlarından rəsmi nümayəndələr də iştirak etmişlər.

Audiovizual Şuranın sədri İsmət Səttarov öz çıxışında qardaş ölkənin tənzimləyici qurumunun yaranmasının 30 illik yubileyi münasibətilə RTÜK rəhbərliyini və bütün əməkdaşlarını ürəkdən təbrik etmiş, sürətlə inkişaf edən, texnoloji və məzmun cəhətdən zənginləşən media sahəsinin yeni metod və üsullarla tənzimlənməsi sahəsində qabaqcıl təcrübəyə malik RTÜK-ün nəinki qonşu ölkələr, həmçinin bir çox dünya ölkələri üçün nümunə olduğunu, Azərbaycan Respublikası Audiovizual Şurasının da bu zəngin təcrübədən bəhrələnməyə çalışdığını qeyd etmişdir. İki ölkə arasında mövcud olan qardaşlıq və dostluq əlaqələrinin önəmini vurğulayan İsmət Səttarov bu münasibətlərin iki tənzimləyici qurum arasında da əməkdaşlığa və qarşılıqlı səmərəli kommunikasiyaya əlavə impuls verdiyini diqqətə çəkmişdir.

Digər rəsmi çıxışlardan sonra RTÜK sədri Əbubəkr Şahin yubiley tədbirində iştirak edən qardaş və dost ölkələrin nümayəndələrinə, o cümlədən Audiovizual Şuranın rəsmilərinə təşəkkür etmiş, göstərilmiş diqqəti xüsusi vurğulamışdır.

Tədbirdə həm RTÜK rəhbərliyi tərəfindən, həm də iştirak edən qonaq qurumların rəhbərləri tərəfindən RTÜK-ün yaranması günündən qurumda fəaliyyət göstərən veteran əməkdaşlara xatirə hədiyyələri təqdim olunmuş, xatirə fotoları çəkilmişdir.