Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan etdiyi müsabiqəyə yekun vurmuşdur
05 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmiş, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqənin qalibi elan olunmuşdur.
İlk olaraq müsabiqəyə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilmişdir. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildirmişlər.
İclasın sonunda müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı - "Sağlam Media" MMC (radio redaksiyanın adı "Sağlam Radio") qalib elan olunmuş və müsabiqə üzrə yekun qərar verilmişdir.
Qəbul edilmiş qərara əsasən Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.0 MHs, Ağstafa rayonu ərazisindəki "Poylu" RTYS-dan 105.7 MHs, Quba rayonu ərazisindəki "Dağlı" RTYS-dan 104.7 MHs, Şirvan şəhəri ərazisindəki "Şirvan" RTYS-dan 104.5 MHs radiotezlikləri "Sağlam Radio" kanalının yayımı üçün "Sağlam Media" MMC-nin istifadəsinə ayrılmışdır.