Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şura tərəfindən BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil olunmuşdur.

 

29 fevral  2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası və Bakı Dövlət Universiteti arasında əməkdaşlığa uyğun olaraq Audiovizual Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilmişdir. 

Görüşü giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bu görüşün əhəmiyyətini, audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr üçün vacib mövzu olmasını, bu sahədə daha çox məlumat əldə etməyin zəruriliyini vurğulamışdır. Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov gələcək media nümayəndələri arasında audiovizual medianın tənzimlənməsi haqqında məlumatlılığının artırılmasında belə görüşlərin vacibliyini qeyd etmişdir. O, bildirmişdir ki, ötən il olduğu kimi bu il də seminarlar davam edəcək və hər görüşdə əməkdaşlarımız onları maraqlandıran əhəmiyyətli mövzular haqqında geniş təqdimatla çıxış edəcək.

Daha sonra Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Azərbaycanda audiovizual medianın tənzimlənməsi" mövzusunda təqdimatla çıxış etmişlər. Təqdimatdan sonra mövzu və ümumilikdə, media sahəsi üzrə tələbələri maraqlandıran suallara cavab verilmişdir.