Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şurada televiziya yayımçılarının məsul şəxsləri ilə görüş keçirilmişdir

 

14 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasında ümumölkə yerüstü və peyk yayımında olan televiziya yayımçılarının məsul şəxsləri ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılmışdır.

Audiovizual mediada uşaqların əqli, mənəvi və fiziki inkişafına mənfi təsir göstərən yayımlara qarşı mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə, gənclər arasında ailənin və nikahın əhəmiyyəti, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə mövzularında proqramların hazırlanması və yayımlanması ilə bağlı yayımçılara zəruri tövsiyələr verilmiş, həmçinin yayımçılar tərəfindən Audiovizual Şuraya təqdim olunan hesabatlara dair məsələlər müzakirə olunmuşdur. 

Görüşdə ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının proqram rəhbərləri və səlahiyyətli şəxsləri, Audiovizual Şuranın hüquq və kommunikasiya üzrə əməkdaşları iştirak etmişlər.