Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ilə Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri arasında görüş keçirilmişdir
6 fevral 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin inzibati binasında Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndələrinin ölkəmizdə səfərdə olan Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri ilə görüşü keçirilmişdir.
Görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, "Media haqqında" Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat vermişdir. Əhməd İsmayılov ikitərəfli əməkdaşlığın genişləndirilməsi və aktiv informasiya mübadiləsinin aparılması baxımından qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğumışdır.
Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanda fəaliyyət göstərən audiovizual media subyektləri haqqında, televiziyada reklamın yayımlanması, reytinq ölçülməsi sisteminin fəaliyyəti barədə məlumatları qonaqların diqqətinə çatdırmışdır.
Mərakeşli jurnalistlər görüşün təşkilinə görə təşəkkürlərini bildirmiş, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media sahəsində effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunmuşlar. Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzularla bağlı fikir mübadiləsi aparılmışdır.