Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına dair görüş keçirilmişdir
11 yanvar 2024-cü il tarixində Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda görüş keçirilmişdir. Görüşün məqsədi media subyektlərinin Prezident seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsi olmuşdur. .
Tədbir Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov və Mətbuat Şurasının sədri Rəşad Məcidin açılış nitqləri ilə başlamışdır.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri", "Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələri" mövzularında çıxış etmişlər. Təqdimatlar zamanı görüş iştirakçılarına seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın rol və vəzifələri barədə də ətraflı məlumat verilmişdir.
Aparıcı media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin iştirak etdiyi görüş mövzu ətrafında fikir mübadiləsi və sual doğuran məsələlərin müzakirəsi ilə davam etmişdir.