Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şura “APA TV”-nin materialını icazəsiz və istinadsız yayımladığına görə “Space TV”-yə xəbərdarlıq etmişdir

 

28 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilmişdir. İclasda Audiovizual Şuraya 26 dekabr 2023-cü il tarixdə "APA TV" kanalından daxil olmuş ərizə və həmin ərizə əsasında aparılmış monitorinq zamanı "Space TV" kanalının efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunmuşdur.

Belə ki, 11 dekabr 2023-cü il tarixində "APA TV"-nin efirində yayımlanmış "Ekstra müsahibə" proqramından video-görüntülər 25 dekabr 2023-cü il tarixdə saat 22.09-da "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya redaksiyasının efirində "Gül kimi Şou" proqramında müəllifə istinad edilməyərək yayımlanmışdır. Bununla da, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbi (abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər) pozulmuşdur. 

Aparılan müzakirələrdən sonra Audiovizual Şura "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən “APAMARK” MMC-nin bu halla əlaqədar məhkəmə qaydasında öz hüquqlarının müdafiə etmək səlahiyyəti də vardır.

Azərbaycan Respublikası Audiovizual Şurası bütün yayımçılardan bir-birinin müəllif hüquqlarına hörmət etməyə, digər yayımçıların proqramlarını (və ya onların hissələrini) yayımlayarkən mütləq şəkildə onlara istinad verilməsini təmin etməyə çağırır.