Audiovizual media subyektlərinin texniki heyəti üçün keçirilən iki moduldan ibarət təlimlər başa çatmışdır
18-21 dekabr 2023-cü il tarixlərində Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və ADA Universitetinin birgə təşkilatçılığı ilə audiovizual media subyektlərinin texniki heyəti üçün keçirilən iki moduldan ibarət təlimlər başa çatmışdır.
Təlimlərin son günündə İctimai Televiziya və Radio Yayımları Şirkətində texniki heyət üçün televiziya studiyasında və aktual çəkilişlərdə istifadə olunan işıq mənbələri, studiya və xarici tətbiqlər, tək kamera və ikili kamera çəkilişi mövzularında praktiki təlim keçirilmiş, həmçinin nümunə çəkilişlər aparılmışdır.
Təlimin bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Mübariz Əsgərov audiovizual mediada yeni texnologiyaların tətbiqi, eləcə də proseslərin rəqəmsallaşmasının vacibliyini vurğulamış, eyni zamanda bu sahədə Türkiyədə fəaliyyət göstərən media subyektlərinin təcrübəsinin öyrənilməsinin faydalı olacağını bildirmişdir.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.