Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual media subyektlərinin texniki heyəti üçün Türkiyədən olan mütəxəssislərin iştirakı ilə təlimlər keçirilir

 

18 dekabr 2023-cü il tarixindən etibarən Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və ADA Universitetinin birgə təşkilatçılığı ilə audiovizual media subyektlərinin texniki heyəti üçün iki moduldan ibarət təlimlər keçirilir.

"Televiziyada işıq və kameranın istifadəsi" modulu çərçivəsində keçirilən ilk təlimdə filmlər, teleseriallar, sənədli filmlər, xəbərlər, idman və musiqili-əyləncəli proqramlarda işıqçı kimi fəaliyyət göstərmiş, hal-hazırda isə Daxili İstehsalat İdarəsinin İşıq Xidmətində işıqlandırma üzrə dizayner və icraçı vəzifəsində çalışan Cengiz Çifci işıq və onun xüsusiyyətləri, işıqdan düzgün istifadə və onun əhəmiyyəti, işıqlandırmada texniki və bədii tələblər, işıq filtrləri və aksesuarları haqqında təlim keçir.

Modul çərçivəsində ikinci təlimi aparan Zafer Sevener müxtəlif festivallarda bir sıra sənədli filmlərin prodüser və quruluşçu rejissoru kimi mükafatlara layiq görülmüşdür və hazırda TRT-də baş operator vəzifəsində fəaliyyət göstərir. O, televiziyada işıq və kamera, kameranın əsas hissələri, linzalar, şəkilə effektlər, kamera hərəkətləri və onlar üçün istifadə olunan alətlər, əsas çəkiliş tərzləri, çərçivə qaydaları və kompozisiyadan təlim keçir.

20 dekabradək davam edəcək təlimin əsas məqsədi müxtəlif modullar üzrə televiziyada çalışan texniki komandaların yeni sistemlər və iş axınları, texnologiyalar və onların istifadə təlimatları, eyni zamanda dinamik mühitdə uğurlu komanda işinin qurulması ilə bağlı həm nəzəri, həm də təcrübi bilik qazanmalarını təmin etməkdir.