Azərbaycan Respublikası Audiovizual Şurası

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilər üzrə ekspertləri Audiovizual Şuranın sədri ilə görüşmüşlər

 

18 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacları Qiymətləndirmə Missiyasının nümayəndələri, seçki mütəxəssisləri Goran Petrov və Martina Barker-Ciganikova ilə görüşmüşdür.

Audiovizual Şuranın sədri İsmət Səttarov "Media haqqında" Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, yeni media subyektlərinin lisenziyalaşdırılması, internet televiziya və radio fəaliyyətinin sərbəst olması, yalnız müraciət əsasında həmin fəaliyyətin lisenziyalaşdırılması haqqında qonaqlara məlumat vermişdir.

Görüşdə televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlər müzakirə olunmuşdur. Audiovizual Şuranın sədri bu sahədə qonaqları maraqlandıran suallara cavab vermişdir.