Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şurada televiziya redaksiyalarının əməkdaşları üçün təlim-seminar keçirilmişdir

 

14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkil etdiyi "Narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı televiziya jurnalistləri üçün təlim" keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bəşəriyyətin ən böyük  bəlasına qarşı mübarizədə media sahəsinin üzərinə də mühüm məsuliyyət düşdüyünü və bu baxımından belə tədbirlərin keçirilməsinin önəmindən danışmışdır. O bildirmişdir ki, bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Audiovizual Şuranın, habelə medianın əlaqəli fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev işçi qrupun fəaliyyətindən və media ilə sıx təmaslardan, mediada bu mövzuların işıqlandırılmasının həssas məsələlərindən söz açmış, belə maarifləndirmə tədbirlərinin müntəzəm təşkil olunduğunu və əhəmiyyətini vurğulamışdır.

Daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Nəcəf Aydınoğlu, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, İşçi qrupun nümayəndəsi Şahin İsmayılov təlim mövzuları ilə çıxış etmişlər. Onlar narkomaniya, onun fəsadları, gətirdiyi faciələr, yeniyetmə və gənclərin  zərərli vərdişlərdən qorunması və bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışmışlar. Media nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin Sərənacamına əsasən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın əsas məqsədləri haqqında ətraflı məlumat verilmiş, ölkəmizdə "ağ ölüm"ə qarşı mübarizənin gücləndirilməsi üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti  barədə də söhbət açılmışdır.

Təlim media nümayəndələrini maraqlandıran suallar və mövzu üzrə müzakirələrlə davam etmişdir.