Kişinyov şəhərində Avropa Şurasının Regional Forumu keçirilmişdir.
6-7 dekabr 2023-cü il tarixlərində Moldovanın Kişinyov şəhərində Avropa Şurasının İnformasiya Cəmiyyəti Departamenti tərəfindən “Hekayənin formalaşdırılması: müharibə zamanı ifadə azadlığı” mövzusunda regional forum təşkil olunmuşdur.
Forumun məqsədi Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan media nümayəndələri, media tənzimləyiciləri, media inkişaf agentlikləri və media təşkilatlarını bir araya gətirərərək medianın tənzimlənməsinə dair islahatlar, mediada dezinformasiyaya qarşı mübarizə və regional jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müzakirələrin aparılması olmuşdur.
Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov və Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr işçi qrupunun rəhbəri Rasim Bağırov forumda iştirak etmişlər. “Dezinformasiyaya qarşı mübarizə: dövlətlər dezinformasiyanı necə həll edir və tənzimləyir?” adlı panel sessiyada Audiovizual Şuranın aparat rəhbəri çıxış etmiş, Azərbaycanın son illər, xüsusən 2-ci Qarabağ müharibəsi dövründə, ondan sonrakı post-müharibə mərhələsi zamanı, həyata keçirilən antiterror tədbirlərinin gedişində ölkəmizin qarşılaşdığı dezinformasiya və saxta xəbər hücumlarından, onlara qarşı həyata keçirilmiş tədbirlərdən, bu sahədə Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın fəaliyyətindən bəhs etmişdir. Ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaşların, o cümlədən, media subyektlərinin (redaksiyalarının) nümayənədlərinin, jurnalistlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin media savadlılığının inkişaf etdirilməsinin zəruriliyi, bu istiqamətdə son illər aparılan fəaliyyətin əhəmiyyəti vurğulanmışdır.