Azərbaycan Respublikası Audiovizual Şurası

İnfrastruktur və multipleks operatorlarının istifadəsinə ayrılmış 694-790 MHs zolağında olan radiotezliklər aşağı zolaqda olan radiotezliklərə dəyişdirilir

 

Beynəlxalq Telekommunikasiya İttifaqının 224 və 760 saylı Qətnamələrinə uyğun olaraq radioyayım üçün istifadə olunan 694-790 MHs radiotezlik zolağının mobil telekommunikasiya xidmətləri üçün ayrılması qərarlaşdırılmışdır. Azərbaycan Respublikası Radiotezliklər üzrə Dövlət Komissiyasının 2022-ci il 22 fevral tarixli 2 nömrəli Qərarı ilə 694-790 MHs radiotezlik zolağının mobil rabitə üçün istifadəsinə qərar verilmişdir.

Bundan sonra Azərbaycan Respublikası Audiovizual Şurası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq qurumları və qeyd olunan radiotezlik zolağında televiziya retranslyasiya xidməti göstərən infrastruktur operatorunun ("Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB) və multipleks operatorlarının ("ATV Plus" MMC və "AGS TV" QSC) rəsmi nümayənədləri bir sıra görüşlər keçirmiş, zəruri dəyişikliklərin prosedur qaydaları və vaxtlarını müyyən etmişlər. Görülən işlərin nəticəsində cari ilin noyabr ayında operatorlar zəruri dəyişikliklərə hazır olduqlarını bildirmişlər.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Audiovizual Şurasının 24 noyabr 2023-cü il tarixdə keçirilən iclasında infrastruktur operatorunun ("Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB) və multipleks operatorlarının ("ATV Plus" MMC və "AGS TV" QSC) istifadəsinə ayrılmış 694-790 MHs diapazonunda olan radiotezliklərin (48-ci TV yayım kanalından yuxarılar) 01 yanvar 2024-cü il tarixdən daha aşağı zolaqda olan radiotezliklərə (48-ci TV yayım kanalından aşağıdakılara) dəyişdirilməsi ilə bağlı müvafiq qərarlar verilmişdir.