Azərbaycan Respublikası Audiovizual Şurası

2 platforma operatoruna, 1 sifarişli yayım xidməti provayderinə və 1 platforma yayımçısına lisenziya verilmişdir

 

Azərbaycan Respublikası Audiovizual Şurasının 21 noyabr 2023-cü il tarixdə keçirilən iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunmuşdur. Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılmış, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunmuşdur.

Şuranın müvafiq qərarları ilə "Sweet TV Group AZ" MMC-yə (operatorun xidmət adı: "Sweet TV") və "Konnekt" QSC-yə (operatorun xidmət adı: "NNTV") universal platforma operatoru lisenziyaları, "Konnekt" QSC-yə (provayderin xidmət adı: "NNTV Kinoteatr") sifarişli yayım xidməti provayderi lisenziyası, "Şou Plus Media" MMC-yə (televiziya redaksiyasının adı: "Show Plus TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilmişdir.

İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş və hazırda fəaliyyət göstərməyən "Startelecom" MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə Şuraya müraciəti müzakirə olunmuş, müvafiq qərar ilə "Startelecom" MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilmişdir.