Ümumölkə və peyk televiziya kanallarında reklam qanunvericiliyinə riayət olunması sahəsində vəziyyətə dair görüş keçirilmişdir
07 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə televiziyada reklam qanunvericiliyinə riayət olunması sahəsində vəziyyətə həsr olunmuş görüş keçirilmişdir. Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Medianın İnkişafı Agentliyinin rəhbər və məsul nümayəndələri, ümumölkə yerüstü və peyk yayımlı televiziya kanallarının reklam üzrə rəhbərləri, mediada reklam üzrə ixtisaslaşan reklam agentliklərinin məsul şəxsləri iştirak etmişlər.
Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra tədbiri giriş sözü ilə açan Şura sədri İsmət Səttarov görüşün məqsədi, televiziya yayımında reklam qanunvericiliyinə riayət olunması ilə bağlı ümumi vəziyyətdən danışmışdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin müavini Cəfər Babayev sözügedən mövzu ilə bağlı fikirlərini bildirərək iki qurum arasında 2022-ci ildə imzalanmış "Birgə Tədbirlər Planı"nın əhəmiyyətindən, bu planın yerinə yetirilməsi vəziyyətindən, aparılmış birgə monitorinqlər haqqında məlumat vermişdir.
Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov geniş təqdimatla çıxış edərək bu sahədə mövcud qanunvericiliyin tələblərindən danışmış, televiziya və radioda reklamın xüsusiyyətləri, televiziya kanallarında son 1 ildə baş vermiş reklam pozuntuları və tətbiq olunmuş sanksiyalar haqqında məlumat vermişdir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev televiziya yayımında gizli və qeyri-dəqiq reklam hallarının son aylarda azalmasının müşahidə edildiyini bildirmiş, televiziya yayımçıları tərəfindən verilən sualları cavablandırılmışdır. Tədbir müzakirə formatında davam etmişdir.