Azərbaycan Respublikası Audiovizual Şurası

Buxarest şəhərində Avropa Audiovizual Media üzrə Tənzimləyici Qurumların Platforması olan EPRA-nın 58-ci Toplantısı keçirilmişdir

 

Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 58-ci Toplantısı 19–20 oktyabr 2023-cü il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil olunmuşdur. 

Avropanın ən nüfuzlu audiovizual media tənzimləyicilərinin şəbəkəsi olan EPRA-nın bu toplantısına 47 Avropa dövlətindən 50 audiovizual media üzrə tənzimləyici təşkilatın, həmçinin, Avropa Komissiyasının, Avropa Şurası tərkibində fəaliyyət göstərən Media Bölümünün, Avropa Audiovizual Media üzrə Tənzimləyicilər Qrupunun (ERGA), Avropa Audiovizual Rəsədxanasının 140-a yaxın nümayəndə və eksperti qatılmışdır. Azərbaycan Respublikası Audiovizual Şurasını toplantıda Şura Aparatının rəhbəri Fazil Novruzov təmsil etmişdir. 

Toplantının ilk günündə Rumıniya audiovizual media sektorunun hazırkı vəziyyəti, EPRA şəbəkəsi daxilində mövcud olan ümumi məsələlər, üzv dövlətlərdə baş vermiş yeniliklər və bununla bağlı məruzələr dinlənilmiş, EPRA platformasının tərəfdaşları ilə müxtəlif layihələr və onların icra vəziyyətləri, Aralıq dənizi ölkələrinin Tənzimləyici Qurumları Şəbəkəsinin (MNRA)  mövcud vəziyyəti, habelə EPRA-nın 2024-2026-ci illəri əhatə edən 3-illik Strategiyası müzakirə olunmuşdur. Eyni zamanda 2023-cü ilin yenilənmiş büdcəsi və 2024-cü ilin büdcə layihəsi müzakirə olunmuş və təsdiqlənmişdir.

Daha sonra "İctimai maraq mediası və informasiya" mövzusunda plenar sessiya təşkil olunmuşdur. Mövzu çərçıvəsində sahibkarlığın şəffaflığını, medianın müstəqilliyini və dayanıqlığını dəstəkləyən media bazarı strukturunun inkişaf etdirilməsi məsələləri müzakirə olunmuş, bir sıra təqdimatlar edilmişdir.

Toplantının ikinci günündə "Media məzmununun istehlakçılara çatdırılmasının gələcək perspektivləri, tənzimləmənın məzmunun yeni çatdırılma metodlarına uyğunlaşdırılması" mövzusuna həsr olunmuş plenar sessiya dəyirmi masa formatında qruplara bölünərək keçirilmişdir. Dəyirmi masada hər bir tənzimləyici qurumun nümayəndələri mövzu üzrə təcrübəsini və ya gələcək planlarını, habelə məsələyə ümumi baxışı bölüşmüşlər. Plenar sessiya çərçivəsində Yunanıstanın onlayn audiovizual media tənzimləməsi ilə bağlı təcrübəsi diqqət mərkəzində olmuş və həmin təcrübənin üstün və çatışmayan cəhətləri müzakirə  olunmuşdur.

EPRA-nın növbəti 59-ci Toplantısı 2024-ci ilin iyun ayında Niderland Krallığının Rotterdam  şəhərində keçiriləcəkdir.