Azərbaycan Respublikası Audiovizual Şurası

İstanbulda "www.dhapress.com"un təqdimatında Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunmuşdur

 

Azərbaycanın "Trend" Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu "Demirören" İnformasiya Agentliyinin (DHA) birgə layihəsi çərçivəsində İstanbulda "www.dhapress.com"un təqdimatı baş tutmuşdur.

Təqdimatda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, "Trend" BİA-nın baş direktoru İlqar Hüseynov, Milli Məclisin deputatı Sevil Mikayılova, "Trend"in baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri Rufiz Hafizoğlu, şirkətin baş redaktoru Emin Əliyev, "Trend" BİA-nın kommersiya üzrə direktoru Sənan Hüseynov və digərlərindən ibarət Azərbaycanın nümayəndə heyəti iştirak etmişdir. "Demirören" İnformasiya Agentliyinin (DHA) baş direktoru Celal Korkutun ev sahibliyi ilə keçirilən təqdimat mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, konsulluğumuzun əməkdaşları, eləcə də Avropa Xəbər Agentlikləri Alyansının Baş katibi Aleksandru Gibou da iştirak etmişdir.

Tədbirdə çıxış edən Nərminə Mustafayeva, Celal Korkut, Əhməd İsmayılov, İsmət Səttarov, Rəşad Məcid, Aleksandru Gibou, Sevil Mikayılova Azərbaycan mediasının son dövrlər sürətli inkişafı, iki qardaş ölkə arasında belə bir platformanın yaradılmasının əhəmiyyəti, saxta xəbərlərə qarşı birgə mübarizə, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə mediasının daim Azərbaycanın yanında olması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması və dezinformasiya ilə mübarizədə birgə fəaliyyət, bu əməkdaşlığın dövlət başçılarımızın imzaladığı Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə yüksəldilməsindən danışmış, birgə media platformasının yaradılmasının təkcə Türkiyə və Azərbaycanın deyil, bütün Türk dünyasının səsinin beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayacağını vurğulamışlar.

Daha sonra Azərbaycan nümayəndə heyəti DHA-nın peşə məktəbi və "Demirören" Media Holdinqinin televiziya studiyaları ilə tanış olmuşlar.