Azərbaycan Respublikası Audiovizual Şurası

Şuranın nümayəndəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan İşçi qrupun ilk iclasında iştirak etmişdir.

 

06 oktyabr 2023-ci il tarixində CRC Komitəsi tərəfindən verilən tövsiyələrdən irəli gələn məsələlərə baxılması və həyata keçirilən tədbirlərin monitorinqi, eləcə də qiymətləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qrupun ilk iclası keçirilmişdir.

23-24 yanvar 2023-cü il tarixində BMT-nin Uşaq Hüquqları Komitəsinin Cenevrə şəhərində keçirilmiş 92-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na dair beşinci və altıncı birgə dövri məruzəsi təqdim edilmişdir. Sessiyaya hazırlıq ərəfəsində Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılmış geniş tərkibli İşçi qrupunun səmərəli fəaliyyətinin nəticəsi olaraq hesabat yüksək səviyyədə təqdim edilmiş, CRC Komitəsinin ekspertlərinin sualları nümayəndə heyəti tərəfindən dolğun və ətraflı cavablandırılmışdır. 6 fevral 2023-cü il tarixində CRC Komitəsi tərəfindən sözügedən dövri məruzə üzrə Yekun Müşahidələr qəbul olunmuşdur. Yekun Müşahidələrdə Konvensiyanın ölkəmiz tərəfindən implementasiyası istiqamətində atılmalı olan növbəti addımlara dair tövsiyələr verilmişdir.

Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi Ayxan Sadıqlının da iştirak etdiyi iclasda tövsiyələrdə qeyd olunan məsələlərin müzakirəsi və icrası istiqamətində əlaqələndirmə mexanizminin yaradılması ilə bağlı diskussiya aparılmışdır.

 

Mənbə: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi vebsaytı