Azərbaycan Respublikası Audiovizual Şurası “Space TV”-yə xəbərdarlıq etmişdir.
09 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilmişdir. İclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində "Space TV"-nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunmuşdur.
Belə ki, "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya redaksiyasının efirində 04 oktyabr 2023-cü il tarixində "Yaxşıya doğru" proqramının yayımı zamanı (saat 12.19-da) proqramın aparıcısı hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə "... cinayətkardır..." ifadəsini işlətmişdir ki, bununla da, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulmuşdur.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.