Azərbaycan Respublikası Audiovizual Şurasında multipleks və platforma operatorlarının rəhbər şəxsləri ilə görüşlər keçirilmişdir
Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 20-22 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasında fəaliyyət göstərən multipleks və platforma operatorlarının rəhbər şəxsləri ilə görüşlər təşkil olunmuşdur.
Görüşlərin əsas mövzusu kimi Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən operatorların işinə ciddi maneə yaradan, müvafiq qeydiyyat keçmədən və lisenziya almadan, Azərbaycan Respublikası qanunvericiliyinə zidd olaraq xarici televiziya kanallarının retranslyasiya xidməti göstərən, domen ünvanları digər ölkələrə məxsus veb-saytların bu sahədə sağlam rəqabətə xələl gətirən fəaliyyəti müzakirə olunmuş, bu halların son illər kəskin artmasından narahatlıq ifadə olunmuş və bu cür qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması üçün zəruri addımların atılmasının vacibliyi vurğulanmışdır. Audiovizual Şuranın, digər müvafiq dövlət orqanlarının və operatorların birgə olaraq belə pirat fəaliyyətə qarşı mübarizə həyata keçirməyi zəruri hesab olunmuşdur.
Görüşdə, həmçinin, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasınan sonra həyata keçirilən lisenziyaların yenilənməsi, yeni operatorlara lisenziyaların verilməsi, operatorlar tərəfindən zəruri məlumatların Şuraya təqdim olunması prosedurları barədə ətraflı məlumat verilmişdir. Bir sıra operatorların fəaliyyətində mövcud çatışmazlıqlar onların diqqətinə çatdırılmış, operatorları maraqlandıran məsələlər müzakirə olunmuşdur.
Operator fəaliyyətinin Azərbaycan Respublikası qanunlarına uyğun düzgün təşkil edilməsi, tənzimləyici orqan olaraq Azərbaycan Respublikası Audiovizual Şurasının operatorlarla operativ və səmərəli kommunikasiyasının qurulması məqsədilə belə görüşlərin və qarşılıqlı təmasların mütəmadi keçirilməsi nəzərdə tutulur.