Reklam çarxında xarici dildə mətnin səsləndirilməsi ilə bağlı bəzi televiziya yayımçılarına xəbərdalıq edildi
27 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda növbəti iclası keçirilmişdir. İclasda Şuranın monitorinq qrupunun televiziya redaksiyalarının efirində qeydə aldığı qanun pozuntuları müzakirə olunmuşdur.
Belə ki, son günlərdə "ARB", "ATV", "Space TV", "Xəzər TV" televiziya redaksiyalarının efirində xarici dildə mətnin səsləndirilməsi ilə müşayiət olunan sərinləşdirici qəhvə içkisinin reklam çarxının nümayişi qeydə alınmışdır. Bildiririk ki, həmin reklam çarxında olan bəzi ifadələrin Azərbaycan dilinə tərcüməsinin yazılı şəkildə nümayiş olunmasına baxmayaraq, "Media haqqında" Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinin, habelə "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinin tələblərinə əsasən "Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmalı, yerüstü yayımçı proqramlarında dövlət dilindən istifadəni təmin etməli və reklamın əsas danışıq mətni də dövlət dilində səsləndirilməlidir.
Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası bütün televiziya redaksiyalarından həmin reklam çarxının dərhal yayımdan çıxarılmasını və yalnız səsli mətnin Azərbaycan dilinə tərcümə olunması və Azərbaycan dilinə adaptasiyası şərtilə həmin reklam çarxının nümayiş olunmasını tələb edir.
Qanunvericilik tələblərinə əməl olunmadan proqramların (o cümlədən reklamların) yayımlanması aşkarlanarsa, həmin yayımçıya qarşı Şura tərəfindən müvafiq sanksiylar tətbiq olunacaqdır.