1-ci Şuşa Qlobal Media Forumu keçirilmişdir
21-23 iyul tarixlərində Şuşa şəhərində "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda 1-ci Şuşa Qlobal Media Forumu keçirilmişdir. "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak etmişdir. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmiş və forumun iştirakçılarının suallarını cavablandırmışdır.
Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə etmişlər. Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platformasının yaradılması təşəbbüsü də irəli sürülmüşdür.
Bugünədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayan foruma ev sahibliyi etmişdir.