Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Mətbuatımızın 148 illiyinə həsr olunmuş "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda konfrans keçirilmişdir.

 

İyulun 20-də Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda konfrans keçirilmişdir. 

Açılış nitqi ilə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu Öndər Heydər Əliyevin mediaya diqqət və qayğısından danışmış, Heydər Əliyevin sovet vaxtı həyata keçirdiyi işlərin məhz müstəqillik yolunda atılmış addımlar olduğunu bildirmişdir. O, müstəqillik dövründə 100 ildən artıq mövcud olan senzuranın ləğv olunması, mətbuat üçün yeni şəraitin yaradılmasını, mətbuatın özünü tənzimləməsi istiqamətində qəbul olunmuş qərarlar və qanunları xüsusi qeyd etmişdir. Rəşad Məcid qeyd etmişdir ki, Ümummilli Liderin mətbuatla bağlı həyata keçirdiyi tədbirlər onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müasir dövrdə media sahəsində islahatların dərinləşməsi, Medianın İnkişafı Agentliyinin yaranması, "Media haqqında" yeni Qanunun qəbulu dövlətimizin başçısının bu sahəyə verdiyi qiymətin təzahürüdür. 

Daha sonra çıxış edən Audiovizual Şuranın sədri İsmət Səttarov bildirmişdir ki, XIX əsrdə "Əkinçi" qəzetinin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatı XXI əsrdə də öz missiyasını uğurla davam etdirir. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başlayıb. Mediamızın bu dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən İsmət Səttarov vurğulamışdır ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev mediaya doğma münasibət sərgiləyir, dövlətimizin başçısının diqqəti nəticəsində mediaya sistemli dəstək göstərilir. 

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli iştirakçıların diqqətinə çatdırmışdır ki, Zəfərlə başa çatan Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə media sahəsində islahatların dərinləşməsi prosesi başladı. Bu islahatlar medianın inkişafının dövlətimiz üçün önəminin göstəricisi idi. "Media haqqında" Qanunun və aparılan islahatların bu sahəyə gətirdiyi yeniliklərdən biri bütün media subyektlərinin biznes mühitinə keçidini sürətləndirmək idi. Bu islahatlarla Azərbaycan mətbuatında vergi tətilləri tətbiq edildi, media reyestri yaradıldı. Media qanunvericiliyinin təkmilləşdirilməsinin, media islahatlarının əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq.

Daha sonra konfrans panel sessiyalar ilə davam etmişdir. Mətbuat Şurasının sədr müavini Səadət Məmmədovanın moderatorluğu ilə "Azərbaycanın milli mətbuatı: ənənə və müasir trendlər" mövzusunda keçirilən birinci panel iclasda "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı "Milli mənlik şüurumuzun oyanışı və müstəqil dövlət quruculuğunda medianın rolu", "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov "Ulu Öndər Heydər Əliyevin media islahatları: qanunvericilik və plüralizm", Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova "Media savadlılığı cəmiyyətin informasiya təhlükəsizliyinin vacib elementi kimi", Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli "Jurnalist peşəkarlığında xarici standartlar: beynəlxalq media qurumları ilə təmaslar və təcrübə mübadiləsi" mövzularında çıxışlar etmişlər.

"APA" media qrupunun rəhbəri Vüsalə Mahirqızının moderatorluğu ilə keçən "Mediada müasir transformasiya, informasiyalı cəmiyyət amili və ictimai maraqlar"  mövzusunda ikinci panel iclasda Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov "Müasir audiovizual kontent", "Naxçıvan MR Televiziya və Radio Verilişləri" ASC-nin sədri Sahil Tahirli "Naxçıvan mətbuatı tarixdən bu günə və müasir tendensiyalar", "Technote" şirkətinin rəhbəri Fərid Pərdəşünas "Süni intellekt jurnalistikanı necə dəyişir", "Aran" qəzetinin baş redaktoru Məhsəti Musa "Bölgə mediasının fəaliyyətində yeni xüsusiyyətlər" mövzusunda çıxışlar etmişlər.