Azərbaycan Respublikası Audiovizual Şurası

Oslo şəhərində Avropa audiovizual tənzimləyicilərinin platforması olan EPRA-nın 57-ci Toplantısı keçirilmişdir

 

Audiovizual media üzrə Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 57-ci Toplantısı 31 may - 02 iyun 2023-cü il tarixlərində Norveç Krallığının Oslo şəhərində keçirilmişdir. 

Avropanın ən nüfuzlu audiovizual media tənzimləyicilərinin şəbəkəsi olan EPRA-nın bu toplantısına 47 Avropa dövlətindən 55 audiovizual media üzrə tənzimləyici təşkilatın, həmçinin, Avropa Komissiyasının, ATƏT-in Media Azadlığı Bürosunun, Avropa Şurası tərkibində fəaliyyət göstərən Media Bölümünün, Avropa Audiovizual Media üzrə Tənzimləyicilər Qrupunun (ERGA), Avropa Audiovizual Rəsədxanasının 160-a yaxın nümayəndə və eksperti qatılmışdır. 2007-ci ildən EPRA-nın tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Audiovizual Şurasını toplantıda Şura Aparatının rəhbəri Fazil Novruzov və Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova təmsil etmişlər. 

Toplantının ilk günündə şəbəkə daxilində mövcud olan ümumi məsələlər, üzv dövlətlərdə baş vermiş yeniliklər və bununla bağlı məruzələr dinlənilmiş, EPRA platformasının tərəfdaşları ilə müxtəlif layihələr və onların icra vəziyyətləri müzakirə olunmuşdur.

Daha sonra EPRA-nın prezidenti və 4 vitse prezidenti vəzifələrinə olan namizədlərin təqdimatı keçirilmişdir. Hər bir vəzifə üçün ayrıca olaraq keçirilmiş səsvermə nəticəsində Norveç Media Təşkilatının (Medietilsynet) baş direktoru Mari Velsand prezident vəzifəsinə, Böyük Britaniyanın OFCOM tənzilməyici qurumunun rəsmisi Maria Donde, İrlandiya Media Tənzimləyici Komissiyasının rəsmisi Stefani Komey, Rumıniya Milli Auidiovizual Şurasının sədr müavini Valentin Aleksandru Jukan və Slovakiya Media Xidmətləri üzrə Tənzimləyici Şuranın rəsmisi Stanislav Mateyka isə vitse prezident vəzifələrinə seçilmişlər.

Toplantının birinci günündə "Media məzmununun istehlakçılara çatdırılmasının gələcək perspektivləri", ikinci günündə isə "İctimai rifah üçün media və informasiya - İctimai Xidmət Mediası" mövzularında plenar sessiyalar təşkil olunmuşdur. Bundan əlavə, Avropa məkanında media istehlakının yeni formaları və bundan irəli gələn təhdidlər, dezinformasiya və təhrif olunmuş informasiya ilə mübarizəyə dair müzakirələr keçirilmişdir.

EPRA-nın növbəti 58-ci Toplantısı 2023-ci ilin oktyabr ayında Ruminiyanın paytaxtı Buxarest şəhərində keçiriləcəkdir.