“Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda növbəti dəyirmi masa təşkil olunmuşdur
Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə 30 may 2023-cü il tarixində "Audiovizual mediada uşaq hüquqlarının qorunması" mövzusunda növbəti dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü ərəfəsində təşkil olunmuş tədbirdən söz açmış, eyni mövzuda ilk tədbirin 23 may tarixində Gəncə şəhərində regional yayımçıların nümayəndələri ilə keçirildiyini diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, uşaqlarımızın layiqli vətəndaş kimi formalaşmağı Azərbaycan mediasının prioritetlərindən biridir, görülmüş və görüləcək işlər də məhz bu ali mərama xidmət edir.
Sonra dəyirmi masa çıxışlarla davam etmişdir. Audiovizual Şuranın əməkdaşı Ayxan Sadıqlı bildirmişdir ki, "Media haqqında" Azərbaycan Respublikası Qanunun bir sıra müddəları sırf uşaq hüquqlarının müdafiəsinə yönəlmişdir. O, həmçinin, uşaqlar üçün zərərli informasiyanın növləri, informasiya məhsulunun yaş təsnifatı haqqında da ətraflı məlumat vermişdir. Ayxan Sadıqlı əlavə etmişdir ki, dövlət başçısının təsdiq etdiyi bir sıra məqsədli dövlət proqramları və milli fəaliyyət planları uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi, həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımı həyat səviyyəsinin təmin olunması sahəsində inkişafı hədəfləyir. Həmin proqramlardan biri də "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"dır. Bu Fəaliyyət Planında əsas icraçı qurumlardan biri də Azərbaycan Respublikası Audiovizual Şurasıdır.
Sosial şəbəkə platformalarında yayılan zərərli paylaşımların, bunların xüsusən azyaşlılar üçün potensial təhlükəyə çevrilməyindən isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analtik təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Sevil Rəsulzadə danışmışdır. Dövlət Komitəsinin nümayəndəsi bu istiqamətdə valideyn nəzarətinin gücləndirilməsinin vacibliyini qeyd etmişdir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin şöbə müdiri Səbinə Seyidova televiziya kanallarının reytinq mübarizəsi fonunda, efir kontentində uşaq hüquqlarının qorunması mövzusunda çıxış etmiş, bu istiqamətdə jurnalistlərin peşəkarlığının artırlaması üçün görülülən işlərdən danışmışdır.
Tədbirdə "Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Aynur Zülfüqarova uşaqların təhsildən yayınması mövzusunda çıxış etmişdir. O, problemin həlli istiqamətində valideynlərin maarifləndirilməsinin vacibliyinə diqqəti cəlb etmişdir.
Sonra "Ümidli Gələcək Sosial Təşəbbüslər" İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova çıxış etmişdir. O, mediada uşaq hüquqlarının pozulması və jurnalistlərinin bu mövzulardakı həssaslığının əhəmiyyətini qeyd etmişdir.
Görüşdə iştirak edən audiovizual media subyektlərinin nümayəndələri də mövzu barədə danışmış, təklif və iradlarını səsləndirmişlər.