Azərbaycan Respublikası Audiovizual Şurası

Şuranın təşkilatçılığı ilə şimal bölgəsində fəaliyyət göstərən regional televiziya redaksiyalarının əməkdaşları ilə dəyirmi masa təşkil olunmuşdur

 

12 may 2023-ci il tarixində "ARB Şimal" televiziya redaksiyasının Xaçmaz şəhərində yerləşən inzibati binasında "Audiovizual mediada saxta və təhrif olunmuş məlumatların yayılmasına qarşı mübarizə" və "İnsan alveri ilə mübarizədə audiovizual medianın rolu" mövzularında dəyirmi masa keçirilmişdir.

Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə "ARB Şimal", "ARB Günəş", "Qafqaz TV" regional televiziya kanallarının ümumi proqram rəhbərləri və xəbər redaksiyalarının məsul əməkdaşları iştirakı etmişlər.

Tədbiri açan Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə adı keçən mövzularla bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən və bu istiqamətdə televiziya kanallarının rolundan danışmışdır.

"İnsan alveri ilə mübarizədə audiovizual medianın rolu" mövzusunda çıxış edən Şura əməkdaşı Ayxan Sadıqlı insan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsinə, bu məqsədlə müxtəlif sosial çarxların, qısametrajlı filmlərin, proqramların hazırlanıb nümayiş etdirilməsinin vacibliyinə oxunaraq diqqət yönəltmişdir. Həmçinin, o, informasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar haqqında da ətraflı məlumat vermişdir.

Daha sonra görüş "Saxta və təhrif olunmuş məlumatların -"fake news" yayılmasına qarşı mübarizə" mövzusu ilə davam etmişdir. Ayxan Sadıqlı bildirmişdir ki, saxta və təhrif olunmuş məlumatların yayılmasına qarşı mübarizə audiovizual media redaksiyaları üçün prioritet məsələlərdən biri olmalıdır. Bu sahədə media savadlılığının əhəmiyyətli rolu haqqında danışarkən o əlavə etmişdir ki, media savadlılığının olmaması insanların informasiya bolluğu şəraitində doğru olanı seçə bilmək imkanlarını azaldır. Media savadlılığı bütün yaş kateqoriyaları üçün vacib olsa da, azyaşlıların, yeniyetmə və gənclərin bu istiqamətdə maarifləndirilməsi xüsusilə vacibdir.

Daha sonra Şura əməkdaşı Kamran Əliyev "Media haqqında" Qanunun  pozulması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavələr və tətbiq oluna biləcək sanksiya tədbirləri haqqında məlumat vermişdir.

Regional televiziya redaksiyalarının əməkdaşları qeyd olunan mövzularda proqramların hazırlanması, həssas mövzuların işıqlandırılması, habelə uşaqlara aid proqramların özəllikləri ilə bağlı yaranan sualları Şura əməkdaşlarına ünvanlamış və müvafiq izahatlar əldə etmişlər. Daha sonra Şura nümayəndələri bu mövzularda xüsusi maarifləndirici proqramların təşkil edilməsi, sosial çarxların yayımlanması və bu yayımlar haqqında Şuraya hesabatların təqdim olunması ilə bağlı da sualları cavablandırmışlar.