Azərbaycan Respublikası Audiovizual Şurası

“Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans keçirilmişdir.

 

8 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası" mövzusunda konfrans keçirilmişdir.

Dövlət Himninin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Konfransda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyev medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirmiş, jurnalist peşəsinə hər zaman dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmasda olmuş, onların problemləri ilə maraqlanmış və heç vaxt köməyini əsirgəməmişdir. O vurğulamışdır ki, Ümummilli Liderin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmiş, bu böyük etimad media nümayəndələrinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətini artırmışdır.

Ümummilli Liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığına, eləcə də medianın inkişafına diqqət və qayğısından bəhs edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov bildirmişdir ki, məhz Ulu Öndərin 1998-ci ildə senzuranın ləğv edilməsi haqqında məlum fərmanından sonra bir sıra qanunvericilik aktları qəbul olunmuş, Avropa standartlarına uyğun müstəqil tənzimləyici qurum olan Şura yaradılmış, televiziya və radio yayımının tənzimlənməsi sferası tam yeni mərhələyə qədəm qoymuşdur. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və audiovizual media bazarında münbit şəraitin yaranması yeni televiziya və radio yayımçılarının yaranmasına və bu sahənin yeni formaya qədəm qoymasına imkan yaratmışdır.

Konfransda çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə milli etimad əsasında - xalqın iradəsi ilə hakimiyyətə gəlməsindən sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də islahat xarakterli məqsədyönlü tədbirlər həyata keçirilmiş, bu istiqamətdə əsaslı - müsbət dəyişikliklər baş vermişdir. Xüsusilə vurğulanmışdır ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər yürüşünə çıxan igid əsgər və zabitlərimizin unudulmaz qəhrəmanlıqları ilə yanaşı, arxa cəbhədə - ideoloji və təbliğat müstəvisində mübarizə aparan dəyərli qələm sahibləri - vətənpərvər və peşəkar jurnalistlərimiz Azərbaycanın mənafelərini qətiyyətlə qorumuş, həqiqi reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni yalanlarını ifşa etmişlər.

Giriş nitqlərindən sonra "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mediası" adlı videoçarx nümayiş olunmuşdur. Daha sonra panel sessiya işinə başlamışdır.

Panel sessiyada moderatorluq edən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədrinin müavini Rafiq Həşimov Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırıldığını qeyd etmişdir.

Panel sessiyada çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu Heydər Əliyev siyasətində media azadlığı və kütləvi siyasi şüur məsələsinə toxunmuş, Azərbaycanda media azadlığının konstitusion əsaslarından bəhs edərək medianı ictimai rəyi formalaşdıran universal vasitə kimi qiymətləndirmişdir.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid öz çıxışında bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük tarixi xidmətlərindən biri 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğv edilməsi idi. O, əlavə etmişdir ki, Ulu Öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynamış, bütün ölkə jurnalistləri Heydər Əliyevi təkcə ölkə başçısı kimi deyil, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul etmişdir.

Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Telli Pənahqızı Heydər Əliyevin görkəmli lider və vətəndaş kimi atdığı addımların müstəqil Azərbaycanın güclənməsində, eləcə də savadlı, peşəkar və xalqını sevən gənclərin, o cümlədən peşəkar jurnalistlərin yetişməsində vacib rol oynadığını konfrans iştirakçılarının diqqətinə çatdırmşdır.

"Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov vurğulamışdır ki, Ümummilli Lider tərəfindən mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə, söz və fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratmışdır.