Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici seminar keçirilmişdir

02.07.2026 10:51

Audiovizual media subyektlərinin reklam sahəsində hüquqi məlumatlılığının artırılması məqsədilə keçirilən birgə tədbirdə reklam qanunvericiliyinin tələbləri, rəqəmsal platformalarda reklamın hüquqi tənzimlənməsi və bazarda sağlam rəqabətin təmin olunması məsələləri müzakirə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə audiovizual media subyektlərinin nümayəndələri üçün reklam qanunvericiliyinə dair maarifləndirici seminar keçirilmişdir. 

Ölkənin əsas televiziya və radio yayımçıları nümayəndələrinin qatıldığı seminar reklam fəaliyyətinin qanunamüvafiq qaydada təşkilinin təşviq edilməsi və bu sahədə rast gəlinən pozuntu halları ilə bağlı preventiv tədbirlərin müzakirəsi məqsədilə təşkil olunmuşdur.

Tədbirdə Agentliyin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev, eləcə də Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov çıxış etmişdir. Çıxışlar zamanı rəqəmsal platformalarda reklamın hüquqi tənzimlənməsi və reklam bazarında sağlam rəqabət mühitinin təmin edilməsinin əhəmiyyətindən bəhs edilmişdir.

Daha sonra Agentliyin əməkdaşı Röyal Rəhimov "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri, haqsız, qeyri-dəqiq və gizli reklamın əlamətləri, reklamı qadağan olunan məhsullar, habelə reklam qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirlərinə dair təqdimatla çıxış etmişdir.

Seminar müvafiq sahədə praktiki məsələlər ətrafında fikir mübadiləsi ilə davam etmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

Xəbərlər
Xəbərlər
Hamısına bax