Şura
Geriyə
Geriyə

Azərbaycan Respublikası Audiovizual Şurası haqqında ümumi məlumat

Azərbaycan Respublikası Audiovizual Şurası audiovizual media sahəsini tənzimləyən dövlət orqanıdır. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • audiovizual media sahəsinin tənzimlənməsi;
  • qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarət;
  • audiovizual media sahəsində dövlət siyasətinin formalaşmasında iştirak və bu siyasətin həyata keçirilməsinin təmin edilməsi;
  • "Media haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət.

Audiovizual Şuranın əsas vəzifələrinə daxildir:

  • audiovizual media sahəsində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • audiovizual media sahəsində normativ xarakterli aktlar qəbul etmək;
  • audiovizual yayımın səs və təsvirinə dair keyfiyyət göstəricilərini müəyyən etmək;
  • audiovizual media subyektləri üçün lisenziyalar vermək;
  • audiovizual media sahəsində qanunvericilik tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə yoxlamalar həyata keçirmək;
  • audiovizual media subyektləri üçün icrası məcburi olan qərarlar qəbul etmək;
  • yerüstü yayımın radiotezlik planlaşdırılmasını həyata keçirmək;
  • xarici audiovizual yayımçının proqramlarının Azərbaycan Respublikası Kosmik Agentliyinin xidmətlərindən istifadə etməklə yayımlanmasına razılıq vermək;
  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənən və Şuranın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
  • audiovizual media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə "Media haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək;
  • "Media haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər vəzifələri yerinə yetirmək.

Audiovizual Şura dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Şura təşkilati və funksional müstəqilliyə malikdir və onun fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.

Audiovizual Şura sədr də daxil olmaqla 7 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Şura üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Üzvlərin səlahiyyət müddəti 5 (beş) ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.