“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçirilmişdir

16.07.2026 17:41

13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçirilmişdir.

Foruma 53 ölkədən 160-a yaxın xarici qonaq, o cümlədən 30-a yaxın informasiya agentliyi, 60-dan çox media qurumu, 10-a yaxın beynəlxalq təşkilat və şirkət, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr qatılmışdır.

Forum çərçivəsində medianın sülh quruculuğuna töhfəsi, ictimai diskursun formalaşdırılması, dezinformasiyanın sülh təşəbbüslərinə təsiri, postmünaqişə dövründə şəhərsalma narrativləri, etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu, süni intellekt dövründə sosial media və etik məsələlər, eləcə də sərhədlərarası media dialoqunun və rəqəmsal mühitdə həmrəyliyin gücləndirilməsi kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

Bununla yanaşı, Forum çərçivəsində “Azərtac” ilə birgə Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İdarə Heyətinin növbəti iclası, radio sənayesinin inkişafında süni intellekt və yeni formatların tətbiqi, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin formalaşdırılması, eləcə də süni intellekt, vizual hekayəçilik və yeni nəsil media təcrübələrinə həsr olunmuş paralel tədbirlər keçirilmışdır. Tədbirlər zamanı media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, rəqəmsal transformasiyanın yaratdığı imkanlar və çağırışlar, süni intellekt texnologiyalarının media fəaliyyətinə təsiri, eləcə də informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aktual məsələlər müzakirə olunmuşdur. Rəqəmsal məzmun yaradıcılarının iştirakı ilə təşkil edilən interaktiv müzakirələrdə isə yeni kommunikasiya alətlərinin inkişaf perspektivləri, auditoriya ilə effektiv qarşılıqlı əlaqə mexanizmləri və rəqəmsal platformalarda məzmun istehsalının müasir tendensiyaları ətrafında fikir mübadiləsi aparılmışdır.

Həmçinin Forum çərçivəsində Azərbaycanın zəngin mədəni irsini, tarixi-memarlıq abidələrini və milli-mədəni dəyərlərini təqdim edən sərgi nümayiş olunmuşdur.

Şuşa Qlobal Media Forumu qlobal informasiya mühitində baş verən dəyişikliklərin, media sahəsində yaranan yeni çağırışların və əməkdaşlıq imkanlarının müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilmişdir. Forum dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri, beynəlxalq təşkilatların təmsilçilərini, rəqəmsal platformaların nümayəndələrini və digər maraqlı tərəfləri bir araya gətirərək təcrübə mübadiləsinin təşviqinə, peşəkar dialoqun genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, Forum media, texnologiya və kommunikasiya sahələrində aktual tendensiyaların müzakirəsi, innovativ yanaşmaların paylaşılması və ortaq həll yollarının formalaşdırılması üçün əlverişli müzakirə mühiti yaradır.

Xəbərlər
Xəbərlər
Hamısına bax