Avropa Yayım Tənzimləyici Orqanlarının Platformasının (EPRA) 63-cü Toplantısı keçirilmişdir
20-22 may 2026-cı il tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində EPRA-nın 63-cü Toplantısı keçirilmişdir. Toplantıda 42 ölkədən 46 tənzimləyici qurumun səlahiyyətli şəxsləri, həmçinin Avropa Komissiyasının, Avropa Şurasının, ATƏT-in media təşkilatlarının, o cümlədən Avropa Audiovizual Observatoriyasının nümayəndələri iştirak etmişlər. Albaniyada ilk dəfə təşkil olunan bu tədbirə ölkənin audiovizual media üzrə tənzimləyicisi olan Audiovizual Media Qurumu (AMA) ev sahibliyi etmişdir.
Azərbaycan Respublikası Audiovizual Şurasını toplantıda Aparat rəhbəri Fazil Novruzov və sədrin müşaviri Haşim Əliməmmədzadə təmsil etmişlər.
Tədbirin əsas məqsədi media bazarının hazırda üzləşdiyi aktual çağırışların, habelə bu çağırışlar fonunda hüquqi bazanın təkmilləşdirilməsi və ümumi dünya standartlarına uyğunlaşmanın mümkün yollarının müzakirəsi olmuşdur.
EPRA-nın sədri Stefani Komi açılış nitqi ilə çıxış edərək platformanın neytral və qeyri-siyasi rolunu xüsusi vurğulamışdır. AMA-nın sədri Armela Krasniqi isə Albaniyanın media sektorundakı inkişaf meylləri barədə təqdimatla çıxış etmişdir.
"Məzmunun bütün auditoriyalar üçün əlçatanlığı" adlı interaktiv sessiyada audiovizual medianın əlilliyi olan şəxslər üçün əlçatanlığı müzakirə olunmuş, İspaniyadan (CNMC), Bolqarıstandan (CEM) və Litvadan (RTCL) olan tənzimləyici qurumların təcrübəsindən nümunələr dinlənilmişdir. Eyni zamanda, sessiyada "Netflix"in və Avropa Əlillər Forumunun (EDF) təmsilçiləri də iştirak edərək rəqəmsal platformalarda əlçatanlıq baryerlərinin aradan qaldırılması yollarını müzakirə etmişlər.
Toplantının ikinci günü "Sürətlə dəyişən media mühitində media subyektlərinin təsnifatlandırılması" mövzusuna həsr olunmuşdur. Bu çərçivədə keçirilən dəyirmi masa formatlı müzakirələrdə yeni və hibrid media xidmətlərinin hüquqi tənzimlənməsi, lisenziyalaşdırılması və müasir media tənzimlənməsinin qarşısında duran çağırışlar ətrafında diskussiyalar aparılmışdır.
Toplantının sonunda EPRA-nın növbəti 64-cü toplantısının cari ilin oktyabr ayında İrlandiyanın tənzimləyici qurumu olan Media Komissiyasının dəvəti ilə Dublin şəhərində keçiriləcəyi diqqətə çatdırılmışdır.
Yayım Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş di...
Avropa Yayım Tənzimləyici Orqanlarının Platformasının (EPRA) 63-cü Toplantısı k...
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilm...