“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilmişdir

01.05.2026 18:23

01 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilmişdir.

 

Sayca üçüncüsü təşkil edilən forumun keçirilməsi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində media subyektlərinin məlumatlandırılması, rəqəmsal inkişaf dövründə proseslərin media müstəvisinə təsir gücünün təhlili və inkişafına dəstək məqsədi daşımışdır.

 

Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar şəkildə işıqlandırılmasında dövlət-media əməkdaşlığının əsas prioritet istiqamətlərdən olduğunu qeyd etmişdir. Həmçinin, Forumun bu istiqamətdə səmərəli dialoq platforması olmaqla yanaşı, media subyektləri ilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, cəmiyyətin dolğun və etibarlı informasiya ilə təminatına mühüm töhfə verdiyi də vurğulanmışdır.

 

Daha sonra Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov, o cümlədən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov da Forum zamanı çıxış etmiş, Forumun əhəmiyyətindən, media savadlılığının təmin edilməsinin vacibliyindənç bu prosesdə çatışmazlıq və mühüm inkişaf yolundan bəhs etmişlər.

 

Növbəti mərhələdə Forum öz işini panel sessiyalarla davam etdirmişdir. Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərovanın moderatorluğu ilə keçirilən “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi” paneldə Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış edərək, bir sıra əhəmiyyətli mövzulardan bəhs etmiş, media nümayəndələrini maraqlandıran sualları cavablandırmışlar.

 

Növbəti panel sessiya isə “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” mövzusu ilə bağlı olmuşdur. Bu hissədə moderatorluğu Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova etmiş, ekspert qismində isə Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin səlahiyyətli nümayəndələri çıxış etmişlər.

 

Sonda Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzovun moderatorluğu ilə “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” mövzularında panel sessiyası keçirilmişdir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Medianın İnkişafı Agentliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, eləcə də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin səlahiyyətli nümayəndələri onlara ünvanlanan suallara ətraflı cavablar vermişlər.

 

Hər üç panel sessiya interaktiv şəkildə davam etmiş, media nümayəndələrini maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdırlımışdır.

Xəbərlər
Xəbərlər
Hamısına bax