Jurnalistika fakültəsinin tələbələri üçün mediada uşaq hüquqlarının qorunması ilə bağlı seminar təşkil olunmuşdur

28.04.2026 18:30

28 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti maarifləndirici seminar-təlim təşkil etmişdir.

Seminarın əvvəlində çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu cari il ərzində dördüncüsü təşkil edilən təlim-seminarın əhəmiyyətindən bəhs etmişdir. O bildirmişdir ki, hər tədris ili üzrə bir neçə dəfə təşkil edilən görüşlərə tələbələr tərəfindən maraq yüksəkdir. Hər dəfə yeni və aktual mövzuların seçilməsi isə tələbələrdə xüsusi diqqət və iştiraka təşəbbüs yaradır.

Daha sonra Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə qurumun fəaliyyət istiqamətləri, qanunvericilik çərçivəsində icra etdiyi işlər, o cümlədən audiovizual sahədə media subyektlərinin maarifləndirilməsi istiqamətində mütəmadi görülən işlər, hədəflər barədə ətraflı məlumat vermişdir.

Seminarın növbəti hissəsində Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Mediada uşaq hüquqlarının müdafiəsi: hüquqi və etik yanaşmalar" mövzusunda geniş təqdimatla çıxış etmişdir. O, tələbələrə ümumilikdə audiovizual məzmunda həssas yanaşılmalı məsələlər barədə məlumat vermiş, qanunvericilik, hüquqi tənzimləmə mexanizmlərindən danışmış, həmçinin bir sıra nümunələrlə auditoriyaya geniş izah etmişdir. Daha sonra A.Sadıqov uşaq hüquqlarının qorunması istiqamətində son dövrlər qəbul edilmiş qanunvericilik normalarının əhəmiyyətindən də bəhs etmişdir.

İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran çoxsaylı sualların cavablandırılması, real nümunələrin izahı və geniş müzakirəsi ilə yekunlaşmışdır. 

 

Xəbərlər
Xəbərlər
Hamısına bax