Diqqət!
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurasının Aparatı 2-ci kateqoriya dövlət orqanlarının siyahısına daxildir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Qanunvericiliyə əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanları Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilir. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddəti ərzində müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edə bilərlər.
Həmçinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim edə bilərlər.
Azərbaycan Respublikası Audiovizual Şurasında vakant vəzifə olduğu halda, həmin vakant vəzifə haqqında məlumat həm qurumun, həm də Dövlət İmtahan Mərkəzinin rəsmi vebsaytında dərc olunur.