Şura
Geriyə

Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbəsi

14 oktyabr 2025-ci il tarixdə

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri tərəfindən təsdiq edilmişdir

Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının

Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbəsinin

Ə S A S N A M Ə S İ

1.  Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Audiovizual Şurası (bundan sonra - Şura) Aparatının struktur bölməsi olan Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsi (bundan sonra - Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində audiovizual yayım sahəsinə, televiziya və radio yerüstü yayımı üçün istifadə olunan tezlik resurslarının bölüşdürülməsini və onların istifadə edilməsinə nəzarəti, tezlik-ərazi planlaşdırılmasını, həmçinin informasiya texnologiyalarının audiovizual yayımın tənzimlənməsinə tətbiqini, informasiya sisteminin və şəbəkələrinin, komputer avadanlıqlarının və onların proqram təminatının, lokal informasiya sisteminin təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr və ziyanverici proqramlar barədə məlumatların toplanılmasını və təhlilini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Media haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya təhlükəsizliyi haqqında”, “Dövlət sirri haqqında”, “Dövlət qulluğu haqqında” və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Şuranın qərarlarını, Şura sədrinin (bundan sonra – Sədr) əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Şura aparatının bölmələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. audiovizual yayım sahəsinə, televiziya və radio yerüstü yayımı üçün istifadə olunan tezlik resurslarının bölüşdürülməsinə və onların istifadə edilməsinə nəzarət, radiotezliklərin ərazi planlaşdırılması, audiovizual yayımın texniki tələb və normalarının müəyyən edilməsi və bununla bağlı bütün zəruri sənədləşmə işlərinin aparılması üzrə fəaliyyət;

2.0.2. informasiya texnologiyalarının audiovizual yayımın tənzimlənməsinə tətbiqi, informasiya sistemlərinin və şəbəkələrinin, komputer avadanlıqlarının və onların proqram təminatının qurulması, istismarı, yenilənməsi, təhlükəsizliyi, onlara yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr və ziyanverici proqramlar barədə məlumatların toplanılması və təhlili üzrə fəaliyyət;

2.0.3. müvafiq sahənin inkişafının təmin olunması üzrə fəaliyyət.

3.  Şöbənin vəzifələri 

3.0. Şöbənin vəzifələri aşağıdakılardır:

3.0.1. yerüstü televiziya və radio yayımı üçün texniki və keyfiyyət tələblərinin, normalarının müəyyən olunması, həmin tələb və normalara riayət olunmasına nəzarətin və zəruri hallarda monitorinqlərin həyata keçirilməsi;

3.0.2. yerüstü televiziya və radio yayımı üçün ayrılmış radiotezlik resursları üzrə planlaşdırma işlərinin aparılması, həmin resurslardan səmərəli istifadənin təmin olunması, bu məqsədlə zəruri sənədlərin hazırlanması, həmçinin, rəhbərliyə təkliflərin irəli sürülməsi;

3.0.3. yerüstü televiziya və radio yayımında istifadə olunan radiotezliklərin seçilməsi, monitorinqi, dəyişdirilməsi, həmin radiotezlik üzrə yayımın çıxış gücünün tənzim olunması kimi məsələlər üzrə təkliflərin hazırlanması;

3.0.4. platforma və multipleks operatorları, platforma yayımçıları tərəfindən texniki normalara riayət olunmasına nəzarət işinin təşkili;

3.0.5. audivizual proqramlarının ötürülməsi üçün istifadə olunan texniki yayım vasitələrinin müəyyən olunmuş qaydada istismarına nəzarətin həyata keçirilməsi;

3.0.6. Şurada informasiya sistemlərinin qurulmasının, onların etibarlı və davamlı fəaliyyətinin,  təhlükəsizliyinin və işlək vəziyyətdə saxlanmasının, dövri yenilənməsinin, habelə Şura əməkdaşlarına bu sahədə texniki dəstəyin verilməsinin təmin olunması;

3.0.7. Şuranın kompüter, server və şəbəkə avadanlığında əməliyyat sistemlərinin və proqram təminatının quraşdırılmasının, konfiqurasiya edilməsinin və işlək vəziyyətdə saxlanmasının və bu istiqamətdə nəzarətin, habelə Şura əməkdaşlarına bu sahədə texniki dəstəyin verilməsinin həyata keçirilməsi;

3.0.8. Şuranın fəaliyyəti üçün tədarük olunacaq kompüter, server və şəbəkə avadanlıqlarının və onların proqram təminatının minimal texniki parametrlərinin müəyyən olunması;

3.0.9. kompüter, server və şəbəkə avadanlığının, informasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinq və təhlillərin aparılması, aşkar edilən problem və nasazlıqların aradan qaldırılması, bu sahədə rəhbərliyə hesabatların və təkliflərin verilməsi;

3.0.10. Şurada “AzStateNet” dövlət internet şəbəkəsinin təqdim etdiyi internet rabitəsindən istifadənin təşkil olunması, elektron sənəd dövriyyəsinin fəaliyyəti ilə bağlı aidiyyəti tədbirlərin həyata keçirilməsi, habelə Şurada olan internet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün optimal şəraitin yaradılması;

3.0.11. Şurada və Şuranın əməkdaşları tərəfindən istifadə olunan informasiya sistemlərində kibertəhlükəsizliklə bağlı tədbirlərin həyata keçirilməsi, bu məqsədlə zəruri sənədləşmə işlərinin aparılması, maarifləndirici materialların və təlimatların hazırlanması;

3.0.12. kibertəhlükəsizliklə bağlı yaranmış problemlərin daxili resurslar, habelə müvafiq qurumların məlumatlandırılması və onların dəstəyi ilə aradan qaldırılmasının təşkil olunması;

3.0.13. Şuranın inzibati binasına (xidməti sahəsinə) giriş-çıxış və video müşahidə sistemlərinin qurulmasında iştirak, həmin sistemlərin etibarlı fəaliyyətinin təmin olunmasında dəstək üzrə fəaliyyətin aparılması;

3.0.14. Şura Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi ilə birlikdə audiovizual məlumatların qanunla müəyyən edilmiş qaydada və müddət ərzində qorunub saxlanmasının, habelə zəruri hallarda belə materialların elektron yaddaş qurğularına köçürülməsi və rəhbərliyə təqdim edilməsinin təşkil olunması;

3.0.15. fəaliyyət istiqamətləri üzrə yaradılan işçi qruplarda, komissiya və komitələrdə iştirak, bununla bağlı zəruri sənədləşmə işlərinin aparılması;

3.0.16. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən Şuraya ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasının və müvafiq tədbirlərin görülməsinin təmin edilməsi;

3.0.17. Şuranın strateji inkişaf, fəaliyyət və tədbir planlarının hazırlanmasında iştirak, habelə bununla bağlı və sahəvi qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar rəhbərliyə təkliflərin təqdim olunması;

3.0.18. Şöbənin fəaliyyəti ilə bağlı hesabatların, icmalların, təqdimatların və sairə materialların hazırlanması və rəhbərliyə təqdim olunması;

3.0.19. Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin həyata keçirilməsi;

3.0.20. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

4.  Şöbənin strukturuna daxil olan İnformasiya texnologiyaları sektorunun vəzifələri

4.0. İnformasiya texnologiyaları sektorunun vəzifələri aşağıdakılardır:

4.0.1. Şurada informasiya sistemlərinin qurulmasının, onların etibarlı və davamlı fəaliyyətinin,  təhlükəsizliyinin və işlək vəziyyətdə saxlanmasının, dövri yenilənməsinin, habelə Şura əməkdaşlarına bu sahədə texniki dəstəyin verilməsinin təmin olunması;

4.0.2. Şuranın kompüter, server və şəbəkə avadanlığında əməliyyat sistemlərinin və proqram təminatının quraşdırılmasının, konfiqurasiya edilməsinin və işlək vəziyyətdə saxlanmasının və bu istiqamətdə nəzarətin, habelə Şura əməkdaşlarına bu sahədə texniki dəstəyin verilməsinin həyata keçirilməsi;

4.0.3. Şuranın fəaliyyəti üçün tədarük olunacaq kompüter, server və şəbəkə avadanlıqlarının və onların proqram təminatının minimal texniki parametrlərinin müəyyən olunması;

4.0.4. kompüter, server və şəbəkə avadanlığının, informasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinq və təhlillərin aparılması, aşkar edilən problem və nasazlıqları aradan qaldırılması, bu sahədə rəhbərliyə hesabatların və təkliflərin verilməsi;

4.0.5. Şurada “AzStateNet” dövlət internet şəbəkəsinin təqdim etdiyi internet rabitəsindən istifadənin təşkil olunması, elektron sənəd dövriyyəsinin fəaliyyəti ilə bağlı aidiyyəti tədbirlərin həyata keçirilməsi, habelə Şurada olan internet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün optimal şəraitin yaradılması;

4.0.6. Şurada və Şuranın əməkdaşları tərəfindən istifadə olunan informasiya sistemlərində kibertəhlükəsizliklə bağlı tədbirlərin həyata keçirilməsi, bu məqsədlə zəruri sənədləşmə işlərinin aparılması, maarifləndirici materialların və təlimatların hazırlanması;

4.0.7. kibertəhlükəsizliklə bağlı yaranmış problemlərin daxili resurslar, habelə müvafiq qurumların məlumatlandırılması və onların dəstəyi ilə aradan qaldırılmasının təşkil olunması;

4.0.8. Şuranın inzibati binasına (xidməti sahəsinə) giriş-çıxış və video müşahidə sistemlərinin qurulmasında iştirak, həmin sistemlərin etibarlı fəaliyyətinin təmin olunmasında dəstək üzrə fəaliyyətin aparılması;

4.0.9. Şura Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi ilə birlikdə audiovizual məlumatların qanunla müəyyən edilmiş qaydada və müddət ərzində qorunub saxlanmasının, habelə zəruri hallarda belə materialların elektron yaddaş qurğularına köçürülməsi və rəhbərliyə təqdim edilməsinin təşkil olunması;

4.0.10. sektorun fəaliyyəti ilə bağlı hesabatların, icmalların, təqdimatların və sairə materialların hazırlanması və rəhbərliyə təqdim olunması;

4.0.11. sektorun əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin həyata keçirilməsi;

4.0.12. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

5.  Şöbənin hüquqları

5.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

5.0.1. Şuranın audiovizual mediaya texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya üzrə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində həmçinin müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək, onların tətbiqi imkanlarını araşdırmaq, səmərəliliyin artırılması üçün təhlil və ümumiləşdirmələr aparmaqla aidiyyəti təkliflər vermək;

5.0.2. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Şura aparatının struktur bölmələrinə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

5.0.3. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Şuranı dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, Şuranın hüququnu və qanuni mənafelərini müdafiə etmək;

5.0.4. Şurada və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Şuranı təmsil etmək, onların işində iştirak etmək;

5.0.5. fəaliyyət istiqamətləri ilə əlaqədar olaraq təşkil olunan təlimlərdə iştirak etmək;

5.0.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

6.  Şöbənin fəaliyyətinin təşkili 

6.1. Şöbənin strukturu Şura sədri tərəfindən təsdiq edilir. Şöbə bilavasitə Şura Aparatının rəhbərinə və bilvasitə Şura sədrinə tabedir və onlar qarşısında hesabat verir. Sədr tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

6.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs şöbə müdiri rəhbərlik edir.

6.3. Şöbə müdiri:

6.3.1. Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

6.3.2. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

6.3.3. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətinin əlaqələndirlməsini və  qiymətləndirilməsini həyata keçirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

6.3.4. Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

6.3.5. Şöbə üzrə Şura iclaslarında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Şura rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

6.3.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Şura rəhbərliyinə təqdimatlar verir;

6.3.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Şuranın digər strukturlarından zəruri məlumat və sənədləri alır;

6.3.8. Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

6.3.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

6.3.10. Şöbəni təmsil edir.

6.4. Şöbənin strukturunda sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, aidiyyatı üzrə fəaliyyətə cavabdeh olan 1 sektor müdiri vardır. Sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada fəaliyyət istiqamət üzrə sektor müdiri və ya sədr tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

6.5. Şöbənin digər əməkdaşları sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

6.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.