Şura
Geriyə

Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi

21 iyun 2022-ci il tarixdə

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri tərəfindən təsdiq edilmişdir

Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının

Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin

Ə S A S N A M Ə S İ

1.  Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Audiovizual Şurası (bundan sonra - Şura) Aparatının struktur bölməsi olan Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi (bundan sonra - Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Şuranın hüquqi təminat və ekspertiza işlərinin, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil olunmasının həyata keçirilməsini, beynəlxalq, regional, ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahəsinə aid fəaliyyətin təşkilini və tənzimlənməsini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu, Azərbaycan Respublikasının İnzibati Xətalar, İnzibati Prosessual, Mülki, Mülki Prosessual məcəllələrini, Azərbaycan Respublikasının “Media haqqında”, “İctimai televiziya və radio yayımları haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Reklam haqqında”, “Dövlət qulluğu haqqında” və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Şuranın qərarlarını, Şura sədrinin (bundan sonra – Sədr) əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Şura aparatının bölmələri, mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, habelə beynəlxalq qurum və təşkilatlarla ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

2.  Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Şuranın fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, daxili qaydaların, təlimatların və digər normativ sənədlərin hazırlanması və ya struktur bölmələr ilə birlikdə onların hazırlanmasında iştirak, onların təhlili və təkmilləşdirilməsi üzrə fəaliyyət;

2.0.2. Şuranın səlahiyyətlərinə aid edilmiş məsələlərin hüquqi təminatı, Şuranın bütün hüquqi sənədlərinin hazırlanması üzrə fəaliyyət;

2.0.3. Şuranın səlahiyyətlərinə aid edilmiş məsələlərdə beynəlxalq təcrübənin öyrənilməsi; audiovizual tənzimləmə sahəsi üzrə beynəlxalq və digər ölkələrin qurumları ilə əməkdaşlığın yaradılması, aparılması, inkişaf etdirilməsi və bununla bağlı olan bütün növ (yazışmalar, görüşlər, toplantılar, rəsmi sənədlər və onların hazırlanması) fəaliyyət;

2.0.4. müvafiq sahənin inkişafının təmin olunması üzrə fəaliyyət;

3. Şöbənin vəzifələri

3.0. Şöbənin vəzifələri aşağıdakılardır:

3.0.1. Şuranın fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, müqavilələrin (sazişlərin), təşkilati-sərəncamverici və digər normativ sənədlərin layihələrinin hazırlanması və aidiyyəti dövlət orqanları ilə razılaşdırılması işinin həyata keçirilməsi;

3.0.2. Şuraya daxil olan və ya Şura aparatının digər struktur bölmələri tərəfindən hazırlanmış normativ xaraktrerli aktların və digər sənədlərin layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi və bununla bağlı rəy və arayışların hazırlanması;

3.0.3. Şuranın fəaliyyəti ilə bağlı mülki və digər xarakterli müqavilələrin hazırlanması;

3.0.4. Şuranın hüquqlarının və qanuni mənafelərinin məhkəmələrdə müdafiə edilməsinin, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasının təmin olunması;

3.0.5. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən Şuraya ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasının və müvafiq tədbirlərin görülməsinin təmin edilməsi;

3.0.6. Şuranın strukturları tərəfindən normativ hüquqi təminat işinin aparılmasına metodiki rəhbərliyin həyata keçirilməsi, fəaliyyət istiqamətləri üzrə hüquqi yardımın göstərilməsi, arayış, rəy və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlərin verilməsi;

3.0.7. Şuranın strukturları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin təhlil olunması və ümumiləşdirilməsi, bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;

3.0.8. müvafiq hüquqi aktlarda və dövlət proqramlarında Şuraya həvalə edilmiş tədbirlərin, habelə Şuranın hüquqi aktlarında nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsində iştirak;

3.0.9.  Şuranın iclas protokollarının tərtib olunmasının həyata keçirilməsi;

3.0.10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə Şura adından inzibati xətalar haqqında işlər üzrə protokolların  tərtib olunması;

3.0.11. Şuranın strateji inkişaf, fəaliyyət və tədbirlərin planlarının hazırlanmasında iştirak habelə bununla bağlı və sahəvi qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar rəhbərliyə təkliflərin təqdim olunması;

3.0.12. lisenziyaların verilməsi, dayandırılması, ləğv olunması, bərpa olunması ilə bağlı fəaliyyətin həyata keçirilməsi, həmçinin bununla bağlı daxili reyestr işlərinin və Media Reyestrinə daxil olunması ilə bağlı müvafiq orqanla yazışmaların aparılması;

3.0.13. lisenziya verilməsi üçün müsabiqənin elan olunması, müsabiqə zamanı sənəd qəbulu, müsabiqənin keçirilməsi, müsabiqəyə yekun vurulması ilə bağlı prosedur qaydalarının həyata keçirilməsi;

3.0.14. lisenziyaların verilməsi ilə bağlı bütün tədbirlərdə, sənədləşmə işlərinin həyata keçirilməsində iştirak və həmin tədbirlərlə bağlı sənədlərin (təqdimat, arayış, xülasə, icmal, sorğü və s) hazırlanması, zəruri hallarda xarici dillərə tərcümə olunması üzrə fəaliyyət;

3.0.15. Şuranın beynəlxalq qurum və təşkilatlarla əlaqələri, habelə Şuranın digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığı sahəsində həyata keçirilən fəaliyyətdə, beynəlxalq, regional, ikitərəfli və çoxtərəfli formatda görüş, toplantı, seminar, dəyirmi masa, konfrans və sairə tədbirlərdə iştirak;

3.0.16. xarici ezamiyyələr üçün təşkilati-hüquqi sənədlərin, çıxış və təqdimatların hazırlanması və tərcümə olunması;

3.0.17. xarici əlaqələr və əməkdaşlıq üzrə yeniliklərin, məlumatların və təkliflərin rəhbərliyə təqdim olunması;

3.0.18. əcnəbi dillərdə Şuraya daxil olan sənədlərin (məktub, sorğu, müraciət və s.) tərcüməsi və cavablandırılması ilə bağlı fəaliyyətin həyata keçirilməsi;

3.0.19. Şöbənin fəaliyyət istiqamətləri üzrə yaradılan həm ölkədaxili, həm də beynəlxalq formatda olan işçi qruplarda, komissiya və komitələrdə iştirak, bununla bağlı zəruri sənədləşmə işlərinin aparılması;

3.0.20. Şöbənin fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanması və rəhbərliyə təqdim olunması;

3.0.21. Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin həyata keçirilməsi,

3.0.22. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi. 

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. Şuranın hüquq və beynəlxalq əməkdaşlıq üzrə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.0.2. Şura aparatının struktur bölmələri tərəfindən hazırlanmış hüquqi aktların, müqavilələrin, məktub və sorğuların hüquqi ekspertizasını həyata keçirmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq, zəruri hallarda çatışmazlıqların aradan qaldırılmasını tələb etmək və bununla bağlı təkliflər vermək;

4.0.3 bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Şura aparatının struktur bölmələrinə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

4.0.4. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Şuranı dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, Şuranın hüququnu və qanuni mənafelərini müdafiə etmək;

4.0.5. Şurada və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Şuranı təmsil etmək, onların işində iştirak etmək;

4.0.6. fəaliyyət istiqamətləri ilə əlaqədar olaraq təşkil olunan təlimlərdə iştirak etmək;

4.0.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. Şöbənin fəaliyyətinin təşkili 

5.1. Şöbənin strukturu Şura sədri tərəfindən təsdiq edilir. Şöbə bilavasitə Şura aparatının rəhbərinə və bilvasitə Şura sədrinə tabedir və onlar qarşısında hesabat verir. Sədr tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

5.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs- şöbə müdiri rəhbərlik edir.

5.3. Şöbə müdiri:

5.3.1. Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3.2. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.3.3. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətinin əlaqələndirlməsini və  qiymətləndirilməsini həyata keçirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

5.3.4. Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.3.5. Şöbə üzrə Şura iclaslarında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Şura rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.3.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Şura rəhbərliyinə təqdimatlar verir;

5.3.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Şuranın digər strukturlarından zəruri məlumat və sənədləri alır;

5.3.8. Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.3.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.3.10. Şöbəni təmsil edir.

5.4. Şöbə müdirinin sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya sədr tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

5.5. Şöbənin digər əməkdaşları sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.