Fəaliyyətlər
Geriyə

Yerüstü yayım üçün radiotezliklərin ayrılması

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası ümumölkə və regional yerüstü yayım üçün istifadəyə yararlı radiotezliklərin və yayım imkanlarının istifadəsini təşkil edir. Yerüstü televiziya və radio yayımı, habelə multipleks operatoru (ödənişli yerüstü retranslyasiya) xidmətləri üçün radiotezliklər Azərbaycan Respublikası Audiovizual Şurasının qərarı ilə müvafiq diapazondan ayrılır. Yerüstü televiziya yayımı və retranslyasiya xidmətləri üçün yalnız desimetrlik diapazondan boş olan istifadəyə yararlı radiotezliklər (TV yayım kanalları) ayrılır və hər bir TV yayım kanalında bir neçə (SD və ya HD formatdan asılı olaraq 4-12 arası) televiziya kanalı paket şəklində ötürülür.

 

TV yayım kanalı ayrılarkən əsasən radiotezliklərdən səmərəli istifadə, qarşılıqlı interferensiyaların səviyyəsi və sərhədyanı bölgələrdə TV yayım kanallarının qonşu ölkər tərəfindən necə istifadə olunması nəzərə alınır. Radiotezliklərin ayrılması həyata keçirilməzdən əvvəl Audiovizual Şuranın müraciəti əsasında Dövlət Radiotezliklər İdarəsi tərəfindən müvafiq monitorinq və xarici dövlətlərlə koordinasiya işləri həyata keçirilir. Bundan sonra, Audiovizual Şura tərəfindən televiziya vericilərinin güc nominallarının düzgün seçilməsi məqsədilə şüalanma gücü müəyyən olunur. Gücün düzgün seçilməsi qarşılıqlı interferensiyaların minimuma enduirilməsinə və elektromaqnit birgəliyinin təmin olunmasına şərait yaradır.

 

Analoq FM radio yayımı və DAB+ standartlı rəqəmsal radio yayımı üçün radiotezliklər eyni prinsiplər nəzərə alınmaqla metrlik diapazondan ayrılır.

 

Radiotezlik resurslarının məhdudluğu nəzərə alınaraq, açıq (ödənişsiz) həyata keçirilən yerüstü rəqəmsal televiziya və radio yayım xidmətləri üçün radiotezliklərin ayrılması istisna olmaqla ödənişli yerüstü retranslyasiya xidmətləri üçün radiotezliklər (TV yayım kanalları) Audiovizual Şuranın elan etdiyi müsabiqə əsasında ayrılır.