Audiovizual proqramların monitorinqi
Azərbaycan Respublikası Audiovizual Şurasının fəaliyyət istiqamətlərindən biri audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirməkdir. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 47.1.11-ci maddəsinə əsasən audiovizual media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Azərbaycan Respublikası Audiovizual Şurasının vəzifəsidir.
Qeyd olunan fəaliyyət istiqaməti və vəzifənin icrası məqsədilə audiovizual proqramların monitorinqi həyata keçirilir. Azərbaycan Respublikası Audiovizual Şurasının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi proqramların monitorinqini aparır, müntəzəm olaraq təhlillər, arayışlar və hesabatlar hazırlayır.
Audiovizual proqramların monitorinqi yayımlanan məzmununun (kontentin) aşağıdakı normativ-hüquqi aktlara uyğunluğunu müəyyən edir:
- § “Media haqqında” Qanun;
- § "İctimai televiziya və radio yayımı haqqında" Qanun;
- § "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun;
- § "Reklam haqqında” Qanun;
- § "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun;
- § "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun;
- § “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin Qərarı;
- § Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları;
- § Digər normativ-hüquqi aktlar.
Monitorinq aşağıdakı formalarda həyata keçirilir:
- § Mütəmadi olaraq həyata keçirilən planlı monitorinq;
- § Vətəndaş şikayətləri əsasında keçirilən monitorinq;
- § Digər dövlət qurumları, habelə ictimai təşkilatlardan daxil olan müraciətlər əsasında keçirilən monitorinq;
- § Qanunvericilik pozuntusu ehtimalı olan proqram və ya onların hissələri haqqında onlayn resurslarda və sosial mediada yayılan məlumatlar əsasında keçirilən növbədənkənar monitoriq.
Monitorinqin keçirilmə üsulları bunlardır:
- § Mütəxəssislər tərəfindən proqramın yazısının monitorinqi;
- § Xüsusi proqram təminatı vasitəsilə reklam kontentinin həcminin müəyyən olunması;
- § Xüsusi proqram təminatı vasitəsilə əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrin müəyyən olunması.
Yalnız ümumölkə yerüstü televiziya yayımçısı və peyk yayımı həyata keçirən platforma yayımçısı statusunda olan və açıq yayımlanan televiziya kanalları mütəmadi olaraq həyata keçirilən planlı monitorinqlərə cəlb olunur.
Digər yayımçıların (radio yayımçıları, peyk yayımı həyata keçirməyən yayımçıları, sifarişli yayım xidməti provayderləri) proqramları yalnız şikayətlər əsasında monitorinq olunur.