QƏRAR № 05 / 26-01 (09 yanvar 2026-cı il)
Peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin "MTV" televiziya redaksiyasının (kanalının) efirində 27 noyabr 2025-ci il tarixdə, saat 15:12-16:49 arası yayımlanan "Çıxış yolu" proqramında tibb müəssisəsinin reklamı zamanı "...klinikasında siz bütün xəstəliklərin, müalicəsi mümkün olan bütün xəstəliklərin təbii üsullarla müalicəsini tapa bilərsiniz..." ifadəsindən istifadə edərək haqsız reklama yol verilməsinə görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ nömrəli Qanununun 6.2-ci və 8.2-ci maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "MTV" televiziya redaksiyasının (kanalının) proqramlarının yayımı 15 yanvar 2026-cı il tarixində 3 (üç) saatlıq müddətə (saat 15.00-dan saat 18.00-dək) dayandırılsın.
- Tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumat proqramlarının yayımının dayandırılması müddətində (15 yanvar 2026-cı il tarixdə, saat 15.00-dan saat 18.00-dək) "MTV" televiziya redaksiyasının (kanalının) efirində yayımlansın.
- Bu Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.
- Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual proqramların monitorinqi və təhlili şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.