Şura
Geriyə

İnsan resursları, sənədlərlə iş şöbəsi

21 iyun 2022-ci il tarixdə

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri tərəfindən təsdiq edilmişdir

Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının

İnsan resursları, sənədlərlə iş və məxfi məlumat şöbəsinin

Ə S A S N A M Ə S İ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Audiovizual Şurası (bundan sonra - Şura) Aparatının struktur bölməsi olan İnsan resursları, sənədlərlə iş və məxfi məlumat şöbəsi (bundan sonra - Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Şura aparatının struktur bölmələrinin fəaliyyəti ilə bağlı əmək qanunvericiliyi sahəsində qəbul edilmiş aktların tətbiqini, dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulmasını, həmçinin dövlət qulluqçularının və dövlət qulluqçusu olmayan əməkdaşların etik davranış qaydalarına əməl edilməsini, əlavə təhsilini, peşə hazırlığının artırılmasını, qiymətləndirilməsini, təlimini və kadrların idarəedilməsi istiqamətində fəaliyyətinin təşkilini, kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahələrində işlərin təşkilini və tənzimlənməsini, Şura Aparatında dövlət sirrinin qorunmasına və məxfi sənədlərlə iş zamanı məxfilik rejiminə əməl olunması sahəsində işin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu həyata keçirir. 

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının “Media haqqında”, “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Dövlət sirri haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Şuranın qərarlarını, Şura sədrinin (bundan sonra – Sədr) əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Şura aparatının bölmələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Şura aparatının struktur bölmələrinin fəaliyyəti ilə bağlı əmək qanunvericiliyi sahəsində qəbul edilmiş aktların tətbiqi, dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması, dövlət qulluqçularının və dövlət qulluqçusu olmayan əməkdaşların etik davranış qaydalarına əməl edilməsi, əlavə təhsili, peşə hazırlığının artırılması, qiymətləndirilməsi, təlimi istiqamətində fəaliyyət;

2.0.2. Şura Aparatının kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahələrində işlərin təşkili və tənzimlənməsi üzrə fəaliyyət;

2.0.3. Şura Aparatında dövlət sirrinin qorunmasına və məxfi sənədlərlə iş zamanı məxfilik rejiminə əməl olunması sahəsində işin mövcud qanunvericiliyin tələblərinə müvafiq həyata keçirilməsi üzrə fəaliyyət;

2.0.4. müvafiq sahənin inkişafının təmin olunması üzrə fəaliyyət.

3. Şöbənin vəzifələri

3.0. Şöbənin vəzifələri aşağıdakılardır:

3.0.1. kadrların idarə edilməsinə dair strategiya və proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak; bu sahədə beynəlxalq təcrübəni öyrənilməsi və bu təcrübənin tətbiqi ilə əlaqədar rəhbərliyə təkliflərin irəli sürülməsi;

3.0.2. Şura Aparatının struktur bölmələrinin yüksək ixtisaslı mütəxəssislərlə təmin olunması, kadrların seçilməsi, yerləşdirilməsi, rotasiyası istiqamətində şöbənin səlahiyyətləri daxilində kadr strategiyasının həyata keçirilməsi və rəhbərliyə təkliflərin verilməsi;

3.0.3. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyəti üzrə vaxtında təqdim olunması, yardımçı vəzifələrin və dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün zəruri tədbirlərin həyata keçirilməsi;

3.0.4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, ümumi müsahibə və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vəzifələrin müəyyən edilməsi və rəhbərliyin bu barədə qəbul etdiyi qərarlarının Dövlət İmtahan Mərkəzinə təqdim olunması;

3.0.5. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən Şuraya ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasının və müvafiq tədbirlərin görülməsinin təmin edilməsi;

3.0.6. dövlət qulluğu vəzifələrinə qanunvericiliyə uyğun tələblərin müəyyən edilməsi və qulluq funksiyalarının hazırlanması işinin həyata keçirilməsi;

3.0.7. Şura Aparatının dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işində iştirak, qiymətləndirmənin nəticələrinin təhlil edilməsi, əməkdaşların peşə hazırlığının artırılması, əlavə təhsil və təlim ehtiyaclarının müəyyən edilməsi barədə rəhbərliyə hesabat və təkliflərin hazırlanması;

3.0.8. kadrların mükafatlandırılması və intizam məsuliyyətinə cəlb edilməsi haqqında rəhbərliyə təkliflərin irəli sürülməsi, bu sahədə sənədləşmə işlərinin həyata keçirilməsi;

3.0.9. dövlət qulluqçularına tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq ilkin və növbəti ixtisas dərəcələrinin verilməsinin təmin olunması, bu sahədə sənədləşmə işlərinin həyata keçirilməsi;

3.0.10. staj müddətinə təyin olunmuş dövlət qulluqçularının kuratorunun müəyyən edilməsi və onlarla işin aparılmasının təşkil olunması;

3.0.11. daimi dövlət qulluğuna qəbul olunacaq dövlət qulluqçularının qanunverciliyə uyğun andiçməsinin təmin olunması;

3.0.12. Şura aparatı əməkdaşlarının etik davranış və korrupsiyaya qarşı mübarizə istiqamətində bilik və təcrübələrinin artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi;

3.0.13. Şura aparatında müəyyən olunmuş qulluq reqlamentinə və daxili intizam qaydalarına əməl olumasına nəzarətin həyata keçirilməsində iştirak; qanunvericiliyə müvafiq olaraq iş vaxtından istifadənin uçot cədvəlinin (tabel) və məzuniyyət qrafiklərinin hazırlanması, məzuniyyətlərin qeydiyyatının aparılması və zəruri hallarda rəhbərliyə bu barədə hesabatların verilməsi;

3.0.14. Şura aparatı əməkdaşlarının şəxsi işlərinin aparılması, saxlanması və məlumatların konfidensiallığının təmin olunması;

3.0.15. Şura aparatı əməkdaşlarına xidməti vəsiqələrin, səlahiyyətləri çərçivəsində müvafiq arayışlar və çıxarışların verilməsi işinin təşkili;

3.0.16. Şura aparatında kargüzarlıq işinin təşkili, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət olunmasına təşkilati və əməli-metodiki rəhbərlik;

3.0.17. Şuraya daxil olan sənədlərin qəbul olunması, Elektron İdarəetmə Sistemində qeydiyyatı, sənədlərin sürətlərinin çoxaldılması və aidiyyəti üzrə çatdırılmasının təmin olunması;

3.0.18. Şura aparatında sənədlərin tez və vaxtında dövriyyəsinin, sənədlərin vaxtında icrasına səlahiyyətləri çərçivəsində cari nəzarətin və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsinin təşkili; bu məqsədlə sənəd qovluqlarının düzgün formalaşdırılmasının, sənədlərin tez tapılmasının təmin edilməsinin, işlərin sistemləşdirilməsinin təmin olunması və işlərin ümumi nomenklatur siyahısının tərtibi;

3.0.19. Şuradan çıxan sənədlərin aidiyyəti üzrə göndərilməsinin, təsnifatlandırılmasının və qeydiyyatının aparılmasının təşkil, habelə sənədlərin tələb olunan formada, qaydada tərtib olunmasına, göndərilmə ünvanlarının düzgünlüyünün yoxlanılmasına, səhvlər aşkar edildikdə Şura aparatının müvafiq struktur bölmələrinə geri qaytarılmasına nəzarət;

3.0.20. icrası şöbəyə həvalə edilmiş sənədlərə baxılmasının və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlərin görülməsinin təmin olunması;

3.0.21. Şuranın təşkilati-sərəncamverici sənədlərinin hazırlanması, təsdiq olunması, qeydiyyatı, ünvana çatdırılması və icrasına nəzarət işinin təşkili;

3.0.22. Şöbənin dövri iş planlarının, fəaliyyəti ilə bağlı hesabatlarının hazırlanması;

3.0.23. Şuraya daxil olan və Şuradan çıxan məxfi sənədlərin aidiyyatı üzrə qəbul olunması və çatdırılması, qeydiyyatı, uçotu işinin aparılması, bu istiqamətdə məxfi, xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin olunması;

3.0.24. Şuranın strateji inkişaf, fəaliyyət və tədbirlərin planlarının hazırlanmasında iştirak habelə bununla bağlı və sahəvi qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar rəhbərliyə təkliflərin təqdim olunması;

3.0.25. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. Şuranın kadr məsələləri və digər sahələr üzrə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.0.2. əlverişli iş şəraitinin yaradılması və fəaliyyət effektivliyinin artırılması məqsədi ilə Şura aparatının əməkdaşlarının əmək fəaliyyətinə təsir göstərən psixoloji, iqtisadi və digər faktorların öyrənilməsi üçün tədqiqatlar aparmaq;

4.0.3. sənədlərin icra müddətinə və vətəndaşların müraciətlərinə baxılmasının gedişinə nəzarət etmək və icra vaxtı keçmiş sənədləri aşkar etmək;

4.0.4. Şuraya aid sənədlərin əsli ilə düzgünlüyünü təsdiq etmək;

4.0.5. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Şura aparatının struktur bölmələrinə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

4.0.6. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Şuranı dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, Şuranın hüququnu və qanuni mənafelərini müdafiə etmək;

4.0.7. Şurada və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Şuranı təmsil etmək, onların işində iştirak etmək;

4.0.8. fəaliyyət istiqamətləri ilə əlaqədar olaraq təşkil olunan təlimlərdə iştirak etmək;

4.0.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu Şura sədri tərəfindən təsdiq edilir. Şöbə bilavasitə Şura aparatının rəhbərinə və bilvasitə Şura sədrinə tabedir və onlar qarşısında hesabat verir. Sədr tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

5.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs şöbə müdiri rəhbərlik edir.

5.3. Şöbə müdiri:

5.3.1. Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3.2. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.3.3. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətinin əlaqələndirlməsini və  qiymətləndirilməsini həyata keçirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

5.3.4. Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.3.5. Şöbə üzrə Şura iclaslarında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Şura rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.3.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Şura rəhbərliyinə təqdimatlar verir;

5.3.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Şuranın digər strukturlarından zəruri məlumat və sənədləri alır;

5.3.8. Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.3.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.3.10. Şöbəni təmsil edir.

5.4. Şöbə müdirinin sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya sədr tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

5.5. Şöbənin digər əməkdaşları sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.