Şura
Geriyə

Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi

21 iyun 2022-ci il tarixdə

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri tərəfindən təsdiq edilmişdir

Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının

Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin

Ə S A S N A M Ə S İ

1.  Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Audiovizual Şurası (bundan sonra - Şura) Aparatının struktur bölməsi olan Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi (bundan sonra - Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində audiovizual proqramların müntəzəm monitorinqini aparmaq, monitorinqin nəticəsində proqramların qanunvericiliyə uyğunluğunu yoxlamaq, proqramlar barədə müntəzəm təhlillər, arayışlar, məruzələr və hesabatlar hazırlamaq və audiovizual məlumatların qanunvericilikdə müəyyən olunmuş müddətdə qorunub saxlanılmasını təşkil etmək işlərini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində  Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Media haqqında”, “İctimai televiziya və radio yayımları haqqında”, “Reklam haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Dövlət qulluğu haqqında” və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Şuranın qərarlarını, Şura sədrinin (bundan sonra – Sədr) əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Şura aparatının bölmələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 2.  Şöbənin fəaliyyət istiqamətləri 

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. audiovizual media sahəsində normativ hüquqi aktların icrasına nəzarət etmək məqsədilə audiovizual proqramların monitorinqlərinin aparılması üzrə fəaliyyət;

2.0.2. yayım operatorlarının və sifarişli yayım xidməti provayderlərinin fəaliyyətinə nəzarət məqsədilə onların monitorinqlərinin aparılması üzrə fəaliyyət;

2.0.3. aparılmış monitorinqlərin nəticəsinə uyğun olaraq təhlil-hesabat fəaliyyəti;

2.0.4. müvafiq sahənin inkişafının təmin olunması üzrə fəaliyyət.

3. Şöbənin vəzifələri 

3.0. Şöbənin vəzifələri aşağıdakılardır:

3.0.1. audiovizual media sahəsində normativ hüquqi aktların icrasına nəzarət etmək məqsədilə audiovizual proqramların və yayım operatorlarının fəaliyyətinin monitorinqinin həyata keçirilməsi;

3.0.2. monitorinqlər zamanı aşkar olunmuş qanun pozuntusu faktlarının təsnifatlandırılması, monitorinqlərin nəticəsi əsasında analitik təhlillərin aparılması və bununla əlaqədar təqdimat, arayış və hesabatların hazırlanması, habelə rəhbərliyə müəyyən olunmuş qaydada məruzələrin təqdim olunması;

3.0.3. Şura Aparatının Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları sektoru ilə birlikdə audiovizual məlumatların qanunla müəyyən edilmiş qaydada və müddətdə qorunub saxlanmasının təmin olunması;

3.0.4. şöbənin fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin, habelə digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə dair rəylərin hazırlanması;

3.0.5. şöbənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasının təmin olunması;

3.0.6. şöbənin fəaliyyəti ilə bağlı yaradılan işçi qruplarda, komissiya və komitələrdə iştirak, bununla bağlı zəruri sənədləşmə işlərinin aparılması;

3.0.7. şöbənin fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanması və rəhbərliyə təqdim olunması;

3.0.8. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin həyata keçirilməsi;

3.0.9. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən Şuraya ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasının və müvafiq tədbirlərin görülməsinin təmin edilməsi;

3.0.10. Şuranın strateji inkişaf, fəaliyyət və tədbirlərin planlarının hazırlanmasında iştirak, habelə bununla bağlı və sahəvi qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar rəhbərliyə təkliflərin təqdim olunması;

3.0.11. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. Şuranın audiovizual proqramların monitorinqi və təhlili üzrə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.0.2. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Şura aparatının struktur bölmələrinə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

4.0.3. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Şuranı dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, Şuranın hüququnu və qanuni mənafelərini müdafiə etmək;

4.0.4. Şurada və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Şuranı təmsil etmək, onların işində iştirak etmək;

4.0.5. fəaliyyət istiqamətləri ilə əlaqədar olaraq təşkil olunan təlimlərdə iştirak etmək;

4.0.6. fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu Şura sədri tərəfindən təsdiq edilir. Şöbə bilavasitə Şura aparatının rəhbərinə və bilvasitə Şura sədrinə tabedir və onlar qarşısında hesabat verir. Sədr tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz. 

5.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs şöbə müdiri rəhbərlik edir.

5.3. Şöbə müdiri:

5.3.1. şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3.2. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.3.3. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətinin əlaqələndirlməsini və  qiymətləndirilməsini həyata keçirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

5.3.4. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.3.5. şöbə üzrə Şura iclaslarında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Şura rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.3.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Şura rəhbərliyinə təqdimatlar verir;

5.3.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Şuranın digər strukturlarından zəruri məlumat və sənədləri alır;

5.3.8. şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.3.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.3.10. şöbəni təmsil edir.

5.4. Şöbə müdirinin sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya sədr tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

5.5. Şöbənin digər əməkdaşları sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.