Qanunsuz (pirat) audiovizual media fəaliyyəti ilə mübarizə
Qanunsuz (pirat) audiovizual media fəaliyyəti müasir informasiya mühitində ciddi problemlərdən biridir. Bu fəaliyyət dövlətin iqtisadi maraqlarını sarsıtmaqla yanaşı qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən media subyektlərinin hüquqlarını pozur, vətəndaşların etibarlı, dayanıqlı media və informasiya təminatına zərər vurur, cəmiyyətin informasiya təhlükəsizliyini riskə atır. Azərbaycan Respublikası Audiovizual Şurası bu halların qarşısının alınmasını özünün mühüm vəzifələrindən biri hesab edir.
Audiovizaul Şura bu istiqamətdə digər dövlət orqanları (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun tabeli qurumları, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və sairə) ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində qanunsuz (pirat) audiovizual media fəaliyyətinin aşkar edilməsi, qarşısının alınması və məsuliyyət tədbirlərinin görülməsi daha səmərəli həyata keçirilir.
Audiovizual Şuranın əsas məqsədlərindən biri audiovizual məkanın sağlam inkişafını təmin etməkdir. Qanunsuz (pirat) fəaliyyətlə mübarizə media subyektlərinin hüquqlarının qorunmasını və rəqabət mühitinin təmin edilməsini hədəfləyir. Bu, eyni zamanda ölkədə yaradıcı sənayenin və media bazarının davamlı inkişafına töhfə verir.
Digər ölkələrdə olduğu kimi Azərbaycanda da qanunsuz (pirat) audiovizual media fəaliyyəti ilə mübarizə yalnız inzibati tədbirlərlə və cərimələrlə məhdudlaşmır. Maarifləndirmə işləri, ictimaiyyətin məlumatlandırılması və hüquqi mexanizmlərin izahı da bu prosesin mühüm hissəsidir. Audiovizual Şura öz səlahiyyətləri çərçivəsində bu tədbirləri həyata keçirir və qanuni fəaliyyətin qorunmasına xüsusi diqqət yetirir. Qanunsuz (pirat) audiovizual media fəaliyyətinə qarşı mübarizə dövlət qurumlarının birgə əməkdaşlığı, vətəndaş məsuliyyəti və qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən media subyektlərinin dəstəyi ilə mümkün olur.