Audiovizual media
Geriyə

Media savadlılığı

Media savadlılığı (bəzən, media və informasiya savadlılığı) vətəndaşın mediaya daxil olmasına, medianı tənqidi anlamağa imkan verən, onunla əlaqəli olan bütün texniki, sosial, yaradıcılıq qabiliyyətlərini özündə cəmləşdirən bir çətirdir. Media savadlılığı vətəndaşa cəmiyyətin iqtisadi, sosial və mədəni aspektlərində iştirak etmək, həmçinin demokratik prosesdə fəal rol oynamaq imkanı verir. Bu, bütün növlərdən olan mediaya (televiziya, radio, mətbuat), hər cür yayım platformasına (ənənəvi, internet və sosial media) və hər yaşa aiddir.

Media savadlılığı, əsasən, aşağıdakı bacarıqları ehtiva edir:

Mediaya daxil olma - medianı məharətlə tapmaq, istifadə etmək, məlumatları və məzmunu gözdən keçirmək, axtarmaq, süzmək və idarə etmək bacarığı.

Təhlil və qiymətləndirmə - məzmunu (informasiyanı) dərk etmək və tənqidi düşüncə qabiliyyətindən istifadə edərək keyfiyyətini, dürüstlüyünü, etibarlılığını, potensial təsir və ya nəticələrini təhlil etmək bacarığı.

Yaradıcılıq - media məzmunu yaratmaq, auditoriya və yaradıcılıq texnikasını dərk etməklə özünü inamla ifadə etmək bacarığı.

Məsuliyyət - sosial məsuliyyəti dərk etmək və etik prinsipləri tətbiq etmək qabiliyyəti, ünsiyyət və davranış, özünün media həyatını idarə etmək bacarığı.

Fəaliyyət - media vasitəsi ilə cəmiyyətdə iştirak etmək, vətəndaş mövqeyi formalaşdırmaq, demokratik dəyərlərə və münasibətlərə əsaslanan vətəndaş olmaq bacarığı.

UNESCO “Media və İnformasiya savadlılığı” anlayışını 2007-2008-ci illərdən birləşdirici çətir kimi təşviq etmişdir. 2011-ci ildə qəbul olunan Fəs Bəyannaməsi bu konsepti beynəlxalq səviyyədə möhkəmləndirmişdir. Fəs Bəyannaməsi 2011-ci il 15-17 iyun tarixlərində Mərakeşin Fəs şəhərində keçirilən “Media və İnformasiya Savadlılığı üzrə I Beynəlxalq Forum”un yekun sənədidir. Sənəd media savadlılığı ilə informasiya savadlılığını vahid çətir anlayış kimi birləşdirir, dövlət siyasətlərinə və təhsil kurikulumlarına inteqrasiyanı, çoxtərəfli tərəfdaşlığı və davamlı qlobal təşviqatı tövsiyə edir. Bu Forumda həm də UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) himayəsi ilə MILID (Media and Information Literacy and Intercultural Dialogue) universitet şəbəkəsinin və sonradan “Qlobal MIL Həftəsi” ənənəsinin əsası qoyulmuşdur.  2012-dən etibarən hər il Qlobal Media və İnformasiya Savadlılığı Həftəsi keçirilir. 

Media və informasiya savadlılığı bacarıqları Avropa İttifaqı tərəfindən 2018-ci ildə qəbul olunmuş Audiovizual media xidmətləri Direktivində (AVMSD) üzv dövlətlər üçün inkişaf və hesabat öhdəlikləri kimi təsbit olunmuşdur.

Avropa Media Savadlılığı İndeksinə (2023) görə Finlandiya dünyada birinci yerdədir. Danimarka, Norveç, Estoniya və İsveç də ön sıralardadır. Bu ölkələrin uğuru kurikulum inteqrasiyası, müəllim hazırlığı, tənqidi düşüncə və rəqəmsal təhlükəsizlik modullarının sistemli tətbiqi ilə izah olunur.

Azərbaycanda “media savadlılığı” anlayışı 2021-ci ilin 30 dekabr tarixində qəbul olunmuş “Media haqqında” Qanunda rəsmən təsbit edilmişdir və media savadlılığının artırılması üzrə dövlət tədbirlərinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılmış və media savadlılığının təşviqi, təlimlər və bu istiqamətdə maarifləndirmə fəaliyyəti həyata keçirir. 2022-ci ildən etibarən Medianın İnkişafı Agentliyi tərəfindən ölkəmizdə hər il “Media Savadlılığı Həftəsi” təşkil olunur. Bu həftəlik çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə konfrans keçirilir, müxtəlif formatlı təlim, seminar və müsabiqələr təşkil olunur. Bir çox dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının tərəfdaşlığı ilə cəmiyyətin bu istiqamətdə məlumatlılığı artırılır. 

Azərbaycan Respublikası Audiovizual Şurası da audiovizual media üzrə tənzimləyici qurum olaraq öz səlahiyyətləri çərçivəsində media və informasiya savadlılğı istiqamətində mütəmadi fəaliyyət aparır. Bu fəaliyyətə media subyektləri ilə dəyirmi masa və təlimlərin keçirilməsi, maarifləndirici material və videoçarxların hazırlanması, tələbələrlə keçirilən görüş və seminarlar daxildir. Audiovizual Şura, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında 19 oktyabr 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumu əsasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün Audiovizual Şura tərəfindən mütəmadi seminarlar və təlimlər keçirilir.

Media və informasiya savadlılığı ayrı-ayrı fərdlərin, ümumiyyətlə isə, cəmiyyətin dezinformasiyaya, nifrət nitqinə və onlayn risklərə qarşı dayanıqlığı artırır, ifadə azadlığı və məlumat əldə etmək hüququnu dəstəkləyir, süni intellekt dövründə vətəndaşların tənqidi qiymətləndirmə və məsuliyyətli məzmun (kontent) istehsal bacarıqlarını gücləndirir.