Azərbaycan Respublikası Audiovizual Şurasının 2025-ci il üzrə maliyyə hesabatı
2025-ci ildə Azərbaycan Respublikası Audiovizual Şurası və Maliyyə Nazirliyi arasında təsdiq olunmuş protokola əsasən, illik büdcə proqnozlarına uyğun smeta təsdiq edilmişdir. Müvafiq olaraq, hər ayın əvvəlində Maliyyə Nazirliyinə xərc maddələri üzrə təyin olunmuş faiz nisbətinə və limitə əsaslanaraq aylar üzrə sifariş, xəzinələrarası köçürmə sərəncamı, məxaric cədvəlləri təqdim olunmuşdur. Açılmış vəsaitdən zəruri öhdəliklərin ödənilməsinə istifadə olunmuşdur.
2025-cü ilin yanvar ayından etibarən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən müvafiq aylara uyğun maliyyələşmə açıldıqdan sonra "malların (iş və xidmətlərin) alışı sənədi", "kassa xərclərinin sifarişi" və "ödəniş tapşırıqları" lazımi xərclərə və tələbata uyğun olaraq Xəzinədarlıq İdarəsinə təqdim olunmuşdur.
Xərc maddələri üzrə: inzibati binanın icarəsi, rabitə xərcləri, işıq, qaz, su, poçt, bank xidmətlərindən istifadəyə görə ödənişlər vaxtında və tam şəkildə həyata keçirilmişdir.
Hər ay təsdiq olunmuş ştat cədvəlinə, iş vaxtının uçot tabelinə və əmək haqqı cədvəlinə əsasən, işçilərə əmək haqqı və digər sosial ödənişlər vaxtında ödənilmişdir. Əmək haqqından tutulmuş üzvlük haqqı Həmkarlar İttifaqları Respublika Komitəsinə, həmçinin digər məcburi ödənişlər – DSMF ödənişi, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta, gəlir vergisi də vaxtında hesablanaraq ödənilmişdir. Vəzifə maaşına, vəzifə maaşına əlavələrə və işçilərin say həddinə uyğun "Ştat cədvəli" tərtib edilərək Maliyyə Nazirliyinə təqdim olunmuşdur.
Ölkədaxili və ölkəxarici ezamiyyətlər üzrə xərclər qüvvədə olan normativ-hüquqi aktlara əsasən hesablanmış və ödənişləri təmin edilmişdir. Sözügedən bütün ödəniş əməliyyatları ERP sistemində uçota alınmışdır.
2025-ci il ərzində Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 12 lisenziya üzrə ümumilikdə 23000 manat ödənilmiş dövlət rüsumunun bir qisminin ödəniş sənədləri əsasında, digər qisminin isə yeni yaradılmış elektron bildiriş vasitəsi ilə dövlət büdcəsinə köçürülməsinə nəzarət edilmiş, həmin vəsaitlər üzrə rüblük hesabatlar Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə təqdim olunmuşdur.
İl ərzində təsdiq olunmuş limitlər çərçivəsində dəftərxana ləvazimatlarının və digər təsərrüfat mallarının satınalınması məqsədilə keçirilmiş satınalmalarda qalib olmuş təchizatçılarla bağlanmış müqavilələrə uyğun olaraq ödənişlər həyata keçirilmiş, alınmış mallar həm maliyyə uçot siyahılarına həm də ERP sisteminə daxil edilmişdir.
Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin 31 oktyabr 2025-ci il tarixli 009/S-2025 nömrəli Sərəncamına əsasən yaradılmış inventarizasiya komissiyası tərəfindən 30 dekabr 2025-ci il tarixinədək əsas vəsaitlərin, mal-material ehtiyatlarının inventarlaşdırılması prosesi başa çatdırılmışdır. İstifadəyə yararsız və köhnəlmiş inventarların siyahısı tərtib edilərək müvafiq qaydada "Əmlakın ləğvi aktı" rəsmiləşdirilmişdir.
Azərbaycan Respublikası Audiovizual Şurasının illik planına əsasən, 2025-ci ildə xərc maddələri üzrə maliyyələşmə və faktiki xərclər əlavə olunmuş cədvəldə əks olunmuşdur.
(cədvəl əlavə olunur)