Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 2025-ci il üzrə ümumi hesabatı

 

Ümumi məlumat

"Media haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2022-ci il tarixli Fərmanına əsasən audiovizual media sahəsində lisenziyalaşdırmanı, tənzimləməni və qanunvericiliyə əməl olunmasına nəzarəti Azərbaycan Respublikası Audiovizual Şurası (qısa olaraq – Audiovizual Şura) həyata keçirir.

2025-ci ildə Audiovizual Şura 6 üzvdən (İsmət Səttarov (sədr), Bəxtiyar Balakişiyev, Telli Əliyeva, Mübariz Əsgərov, Aslan Xəlilov və İsa Məmmədov) ibarət tərkibdə fəaliyyətə başlamışdır. 12 mart 2025-ci il tarixində Audiovizual Şuranın 2 üzvünün - Bəxtiyar Balakişiyevin və Telli Əliyevanın səlahiyyət müddətləri başa çatmışdır.

Azərbaycan Respublikası Prezidentinin 08 oktyabr 2025-ci tarixli Sərəncamına əsasən Telli Əliyeva, Bəxtiyar Balakişiyev və Qəşəm Nəcəfov Audiovizual Şuranın üzvləri təyin olunmuşlar. Bundan sonra ilin sonuna kimi Audiovizual Şura 7 üzvdən (İsmət Səttarov (sədr), İsa Məmmədov, Telli Əliyeva, Bəxtiyar Balakişiyev, Qəşəm Nəcəfov, Mübariz Əsgərov və Aslan Xəlilov) ibarət tam tərkibdə fəaliyyətini davam etdirmişdir.

İl ərzində Audiovizual Şuranın 21 iclası (həm canlı, həm də onlayn formatda) keçirilmiş, ümumilikdə 39 məsələyə baxılmış və 41 qərar qəbul edilmişdir.

Audiovizual Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual proqramların monitorinqi və təhlili, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları, İnsan resursları, sənədlərlə iş və məxfi məlumat, Maliyyə və təminat şöbələri, habelə Kommunikasiya sektoru il ərzində fəaliyyət istiqamətlərinə uyğun işlər həyata keçirmişdir. 

Audiovizual Şura rəsmiləri audiovizual media sahəsində həyata keçirilən fəaliyyət,  Audiovizual Şuranın təşkil etdiyi tədbirlər və digər yeniliklər barədə 1 brifinq keçirmiş, mediada 10-dan çox müsahibə və ya açıqlama vermişlər. 2025-ci il ərzində Audiovizual Şuranın rəsmi veb-saytında aparılan fəaliyyət, təhlillər və ümumən media sahəsi üzrə 61 məlumat təqdim olunmuşdur. Video paylaşım platforma (sosial media) hesablarında (Youtube, Facebook, X, Instagram, LinkedIn) məlumat və paylaşımların ümumi sayı 638 olmuşdur.

 

Lisenziyalaşdırma sahəsində fəaliyyət

Audiovizual Şura yanvar ayında lisenziya verilməsi məqsədilə keçən ildən elan edilmiş 2 müsabiqəyə yekun vurmuşdur. Belə ki, 18 noyabr 2024-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək ümumölkə yerüstü radio yayımçısı lisenziyalarının verilməsi üçün 2 paralel müsabiqə təşkil olunmuş, hər iki müsabiqə üzrə ümumi olaraq 5 ərizəçi sənədlərini təqdim etmişdir. Müsabiqələrə 2025-ci ilin 31 yanvar tarixində yekun vurulmuşdur. Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - “Pro Media Group” MMC (radio kanalın adı: “Planet FM”) və “Broadcast Media” MMC (radio kanalın adı: “Dalğa FM”) qalib elan olunmuş və müsabiqələr üzrə yekun qərarlar verilmişdir. Qərarlara əsasən ilkin mərhələdə “Bakı Teleqüllə Kompleksi”ndən 88.7 MHs radiotezliyi “Pro Media Group” MMC-nin, 92.5 MHs radiotezliyi isə “Broadcast Media” MMC-nin istifadəsinə ayrılmışdır.

İl ərzində Audiovizual Şuraya daxil olan müraciətlər əsasında “TV1 Media” MMC-yə (televiziya kanalının adı: “TV1”), “Sport TV.AZ” MMC-yə (televiziya kanalının adı: “Sport TV 2”), “TV NET OTT” MMC-yə (televiziya kanalının adı: “Start Turan”), “Uninet” MMC-yə (televiziya kanallarının adı: “CityNet Hits” və “CityNet Premiere”) ümumi olaraq 5 peyk yayımı həyata keçirməyən platfroma yayımçısı lisenziyası verilmişdir.

Həmçinin, Audiovizual Şuranın müvafiq qərarı ilə “Uninet” MMC-yə (xidmət adı: “CityNet TV”) sifarişli yayım xidməti provayderi lisenziyası da verilmişdir.

Bundan başqa, Audiovizual Şuranın müvafiq qərarlarına əsasən “İdeal TVNet” MMC-yə (operator adı: “İdealnet”) 1 sadə platforma operatoru lisenziyası, “Aznet Technologies” QSC-yə (operator adı: “Araznet”), “Azeuronet” MMC-yə (operator adı: “Azeuronet”), “Digitürk Azərbaycan” MMC-yə (operator adı: “Digitürk Azərbaycan”) 3 universal platforma operatoru lisenziyası verilmişdir.

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı kimi fəaliyyət göstərən "Səhiyyə TV" MMC-nin müraciətinə uyğun olaraq Audiovizual Şuranın 08 may 2025-ci il tarixli, 20/25-07 saylı qərarına əsasən yayımçının televiziya redaksiyasının adı "Səhiyyə TV"-dən "Saf TV"-yə dəyişdirilərək yeni lisenziya rəsmiləşdirilmişdir.

Audiovizual Şura tərəfindən “Azəriglobalservis” QSC-yə verilmiş 26 dekabr 2022-ci il tarixli, MO-002 qeydiyyat nömrəli multipleks operatoru və 14 iyun 2023-cü il tarixli, UPO-032 qeydiyyat nömrəli universal platforma operatoru lisenziyaları lisenziya sahibinin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar olaraq Audiovizual Şuranın 09 sentyabr 2025-ci il tarixli 27/25-14 və 28/25-14 saylı qərarlarına əsasən “Azəriglobalservis” MMC-nin adına yenidən rəsmiləşdirilmişdir.

Audiovizual Şura tərəfindən “Ultel” MMC-yə verilmiş 15 dekabr 2022-ci il tarixli, UPO-004 qeydiyyat nömrəli universal platforma operatoru lisenziyası hüquqi şəxsin adının dəyişdirilməsi ilə əlaqədar olaraq Audiovizual Şuranın 24 dekabr 2025-ci il tarixli 38/25-21 saylı qərarına əsasən “Ultranet Telco Services” MMC-nin (operator xidmət adı “Ultranet Telco Services” olmaqla) adına yenidən rəsmiləşdirilmişdir.

2025-ci ildə Audiovizual Şuranın müvafiq qərarlarına əsasən "Beeonline" ASC-yə, "Global Technology" MMC-yə, "Qafqaznet" MMC-yə, "Sveet TV Group AZ" MMC-yə, "Eurosel" MMC-yə, "Bakı Telefon Rabitəsi" MMC-yə, "Azlink" MMC-yə verilmiş 7 universal platforma operatoru, həmçinin, "Az-Evro Tel" MMC-yə verilmiş 1 sadə platforma operatoru lisenziyası ləğv edilmişdir. Bundan başqa, "TVNET Telecom" MMC-yə verilmiş peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "TVNET Kino") lisenziyası da ləğv edilmişdir.

Bununla da, 2025-ci ilin sonuna Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin sayı 92 olmuşdur. 92 audiovizual media subyektinin 47 televiziya redaksiyası (kanalı), 23 radio redaksiyası (kanalı), 6 sifarişli yayım xidməti və 49 retranslyasiya operatoru xidməti mövcuddur. Audiovizual media sahəsində mövcud lisenziyaların sayı aşağıdakı kimidir:

  • 11 ümumölkə yerüstü televiziya yayımçısı lisenziyası;
  • 10 regional yerüstü televiziya yayımçısı lisenziyası (1-i Naxçıvan MR-da);
  • 19 ümumölkə yerüstü radio yayımçısı lisenziyası;
  •   4   regional yerüstü radio yayımçısı lisenziyası (1-i Naxçıvan MR-da);
  • 13 peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası;
  • 24 peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası;
  •   6   sifarişli yayım xidməti provayderi lisenziyası;
  • 38 universal platforma operatoru lisenziyası;
  •   9 sadə platforma operatoru lisenziyası;
  •   2 multipleks operatoru lisenziyası.

 

Normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində fəaliyyət

Audiovizual Şura 2025-ci il ərzində bir sıra dövlət orqanları (qurumları) tərəfindən təqdim olunan çoxlu sayda layihələrlə bağlı rəy və təkliflərini bildirmiş, zəruri hüquqi sənədlər hazırlamışdır.

İl əzrində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) daxil olmuş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklərin edilməsi haqqında Qanun layihəsi, “Uşaq hüquqları haqqında” yeni Qanun layihəsi, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” layihəsi bir sıra qeydlərlə razılaşdırılmış və onlara müsbət rəy verilmişdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun müvafiq tabeli qurumları tərəfindən hazırlanmış bir sıra normativ-hüquqi aktların layihəsi qarşılıqlı görüşlər, dəyirmi masalar, onlayn iclaslar vasitəsilə müzakirə olunmuşdur. Müvafiq texniki və normativ hüquqi akt layihələrinin hazırlanması və razılaşdırılmasında operativliyin təmin edilməsi və koordinasiyalı fəaliyyətin genişləndirilməsi məqsədilə Audiovizual Şura və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və onun aidiyyəti qurumlarının mütəxəssilərindən ibarət yaradılmış müştərək işçi qrupu bir sıra iclaslar keçirmişdir.

“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyasının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq hazırlanmış “Milli rəqəmsal efir məkanı üzrə informasiya və kibertəhlükəsizliyə dair minimal tələblər” Layihəsi ilə bağlı Elektron Təhlükəsizlik Xidməti əməkdaşları ilə bir neçə görüşdə iştirak edilmiş və yekun rəy hazırlanmışdır.

 

Qanunvericiliyin, məqsədli dövlət proqramlarının və milli fəaliyyət planlarının icrası sahəsində fəaliyyət

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq audiovizual yayımçılar il ərzində 4 dəfə, hər ay üçün Audiovizual Şuraya bu sahədə hazırladıqları müvafiq hesabatları təqdim edirlər. Ümumölkə yerüstü televiziya yayımçıları tərəfindən 2025-ci il ərzində təqdim edilən hesabatlara əsasən qeyd olunan qanunun tələbi əsasən icra edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn tələblərlə bağlı 2025-ci il ərzində Audiovizual Şuranın tövsiyələrinə əsasən maarifləndirici çarxlar, proqramlar, layihələr hazırlanmış, uşaqlar üçün cizgi filmləri, uşaq mahnıları və tamaşaları, maarifləndirici sosial çarxlar nümayiş olunmuşdur. Audiovizual yayımçılar il ərzində 2 dəfə Audiovizual Şuraya bu sahədə hazırladıqları müvafiq hesabatları təqdim etmişlər. 2025-ci il ərzində nəzərdə tutulan mövzuda təxmini 2840 proqram televiziya və radio kanalların efirində yayımlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən ictimai maarifləndirmə işinin genişləndirilməsi ilə bağlı yayımçılara müvafiq tövsiyələr verilmişdir. Bu sahədə fəaliyyət göstərən daimi İşçi Qrupun hazırladığı sosial çarxlar bütün ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının efirində yayımlanması təmin olunmuşdur. Bu mövzuda yayımladıqları proqramlar haqqında televiziya kanallarından toplanan aylıq hesabatlar əsasında müvafiq ümumiləşdirilmiş rüblük hesabatlar hazırlanmış və İşçi Qrupa təqdim olunmuşdur. Audiovizual Şuranın üzvü, əməkdar jurnalist Mübariz Əsgərovun müəllifliyi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin qalibi “Obyektiv” Milli Dəyərlərə Dəstək İctimai Birliyi tərəfindən narkomaniyanın dəhşətləri və qurbanları haqqında “Qara tale – ağ ölüm” adlı bədii-sənədli filmi istehsal olunmuş, Audiovizual Şuranın müvafiq tövsiyəsinə əsasən televiziya kanallarının bir çoxunda yayımlanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli, 71s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər Tədbirlər Planı” ilə bağlı Audiovizual Şuranın tövsiyələrinə əsasən yayımçılar tərəfindən bir sıra proqramlar hazırlanaraq efirə verilmiş və bu barədə məlumatların Audiovizual Şuraya təqdim olunması təmin olunmuşdur. Ümumölkə yerüstü televiziya yayımçıları tərəfindən 2025-ci il ərzində nəzərdə tutulan mövzuda 100-ə yaxın proqram efirdə yayımlanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” ilə bağlı audiovizual yayımçılara müvafiq tövsiyələr verilmiş, yayımçılar tərəfdən proqramlar hazırlanaraq efirə verilmiş və bu barədə məlumatların Audiovizual Şuraya təqdim olunması təmin olunmuşdur. Audiovizual yayımçılar tərəfindən cari il ərzində nəzərdə tutulan mövzuda 200-dən çox proqram efirdə yayımlanmışdır.

Bundan başqa, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”na, “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı”na, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”na, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq yayımçıra zəruri tövsiyələr verilmiş, mütəmadi bu mövzularda materiallar yayımlanmış, audiovizual yayımçılar il ərzində 2 dəfə bu mövzularda hazırladıqları müvafiq hesabatları Audiovizual Şuraya təqdim etmişlər.

Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinq Komissiyasının üzvü kimi Audiovizual Şura tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. 20 may 2025-ci il tarixində televiziya proqramlarında işarət dilinin tətbiqi ilə bağlı dövlət büdcəsindən maliyyələşən televiziya yayımçılarının nümayəndələri ilə hazırlıq görüşü keçirilmişdir. Görüşdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri ilə bağlı yayımçılara geniş məlumat verilmiş, Qanunun tələblərinin yerinə yetirilməsinin təmin olunması mərhələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Yayımçıların nümayəndələri qeyd olunan istiqamətdə intensiv işlərin həyata keçirildiyini və yaxın vaxtda televiziya kanallarında praym-taym zamanı yayımlanan informasiya proqramlarının işarət dili tərcüməsi ilə müşayiətinin təmin ediləcəyini bildirmişlər. Bundan başqa, 17 iyun 2025-ci il tarixində Audiovizual Şura tərəfindən “Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Aparılmış maarifləndirmə və məlumatlandırma işlərinin nəticəsi olaraq “Mədəniyyət TV”, “İdman TV”, “İTV”, “Real TV” kanallarında bir sıra informasiya proqramları işarət dilinin tərcüməsi ilə yayımlanır.

 

Dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə

23 may 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və Audiovizual Şura tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə ümumölkə yerüstü televiziya yayımçıları üçün müsabiqə elan olunmuşdur. 30 iyun 2024-cü il tarixinə qədər layihə qəbulu aparılan müsabiqənin yekunları sentyabr ayında açıqlanmışdır. Müsabiqədə “AZTV”, “ARB”, “ARB24”, “ATV”, “Xəzər TV” və “Space TV” kanallarının hərəsi 1 proqram ilə, “Real TV” kanalı isə 2 proqramla qalib olmuşdur. Sosial videoçarx kateqoriyasında “ATV” kanalının təqdim etdiyi 4 sosial çarx, “ARB24” kanalının 2 sosial çarxı və “AZTV” kanalının təqdim etdiyi 1 sosial çarx qalib elan olunmuşdur. Qalib proqramlar və sosial çarxlar oktyabr ayından başlayaraq 2025-2026-cı il televiziya mövsümü zamanı yayımlanır.

Oktyabr ayından dekabrın ayının sonunadək müsabiqə qalibi olmuş 8 layihə üzrə 94 proqram efirə çıxmışdır. Həmçinin müsabiqə üzrə qalib elan olunmuş 7 sosial videoçarx üzrə də yayımçılar müqavilə öhdəliklərini icra edərək, həmin çarxları qeyd olunan dövr ərzində 391 dəfə yayımlamışlar.

 

Ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının məzmunu

Audiovizual Şura əvvəlki ildə olduğu kimi 2025-ci il ərzində də hər rüb üçün ümumölkə yerüstü televiziya kanallarının efirində yayımlanan proqramların janr (məzmun) üzrə statistikasını təhlil etmiş və nəticələrini mediada dərc etmişdir. İl ərzində ümumölkə yerüstü televiziya kanallarının proqramlarının janr (məzmun) üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

  • 23,47 % - informasiya və analitik proqramlar;
  • 16,33 % - musiqili və əyləncəli proqramlar;
  • 15,90 % - idman proqramları;
  • 13,45 % - bədii filmlər və seriallar;
  • 10,90 % - reklam məzmunlu materiallar;
  •   8,04 % - mədəni-maarif janrında proqramlar;
  •   3,82 % - yayımçıların öz proqramlarının anonsları;
  •   2,93 % - sosial yönümlü proqramlar;
  •   2,89 % - sənədli filmlər;
  •   1,17 % - sosial çarxlar;
  •   1,10 % - uşaq proqramları və cizgi filmləri.

 

Audiovizual proqramların monitorinqi və yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirləri

Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən audiovizual yayımçıların müntəzəm monitorinqi aparılmış, mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar və təhlillər hazırlanmışdır. Ümumölkə yerüstü televiziya və radio kanallarının (açıq yayım) proqramları daimi əsasda, regional yerüstü yayımçıların, habelə platforma yayımçılarının proqramlarının monitorinqləri şikayət əsasında həyata keçirilmişdir.

Ümumilikdə, aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 237 pozuntu faktı qeydə alınmışdır. Bu faktlardan 4-nün araşdırılması başa çatmadığından bu hesabatda 233 fakt üztə məlumatlar nəzərə alınmışdır. 233 pozuntu faktından 166-ı televiziya kanallarında, 67-i isə radio kanallarında baş vermişdir. Həmin pozuntuların çox bir hissəsi (221 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilmiş və pozuntuların aradan qaldırılması təmin olunmuşdur. Bir sıra pozuntulara görə yayımçılara il ərzində 7 dəfə rəsmi xəbərdarlıq elan olunmuş və mediada dərc olunmuşdur. Pozuntular səbəbi ilə il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunmuş, 1 dəfə inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilmişdir.

Pozuntuların ümumi statistikasına gəlincə, ən çox pozuntu “Reklam haqqında” Qanunun tələblərinə riayət olunmaması (180 fakt, ümumi pozuntuların 77%-i) ilə bağlı olmuşdur. “Media haqqında” Qanunun tələblərinin pozulmasına 40 dəfə (ümumi pozuntuların 17%-i), “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun pozulmasına 13 dəfə (ümumi pozuntuların 6%-i) rast gəlinmişdir.

 

Retranslyasiya xidmətlərinin monitorinqi və operatorlar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirləri

Audiovizual Şura platforma operatorlarından xarici kanalların retranslyasiyası üzrə müvafiq müqavilələrin bağlanmasını və yalnız icazəli kanalların retranslyasiya paketlərinə daxil edilməsini tələb edir. Qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə 2024-cü ilin oktyabr ayından başlamış monitorinqlər 2025-ci il ərzində də davam etmişdir. İl ərzində “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələblərini yerinə yetirmədiyinə görə 11 operatorla bağlı inzibati cərimə protokolu tərtib olunaraq müvafiq məhkəmələrə göndərilmişdir. Keçirilmiş məhkəmə baxışları nəticəsində bütün yazılmış protokollar məhkəmələr tərəfindən təmin olunmuş və operatorların hər biri 5000 manat cərimə olunmuşdur. “Teleport” MMC-yə münasibətdə 07 fevral 2025-ci il tarixdə tərtib edilmiş protokol Nəsimi Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Bununla belə, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hüquqi prosedurlar davam etdirilmiş, Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmiş və nəticədə tərtib olunmuş protokolun hüquqi qüvvəsi təsdiqlənmiş, “Teleport” MMC-yə də 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.

Audiovizual Şuranın bu istiqamətdə monitorinqləri və həyata keçirdiyi tədbirlər nəticəsində 2025-ci ilin sonuna olan vəziyyətə görə Azərbaycanda lisenziya alaraq fəaliyyət göstərən operatorların retranslyasiya paketlərində qanunsuz (“pirat” olaraq) yayımlanan xarici kanalların mövcudluğu demək olar ki, aradan qaldırılmışdır.

Bununla yanaşı, Audiovizual Şura müvafiq lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən subyektlərə, internet resurslara, sosial şəbəkə hesablarına qarşı da mübarizəni davam etdirir. Bu sahədə Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti ilə müvafiq koordinasiyalı fəaliyyət həyata keçirilir. İlin əvvəlindən müvafiq qurumlarla aparılan koordinasiyalı fəaliyyət nəticəsində lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən 200-ə yaxın İP ünvana müraciətin məhdudlaşdırılması, habelə xarici kanalların qanunsuz retranslyasiya xidmətini təqdim edən 30-dan çox fiziki və ya hüquqi şəxsin fəaliyyətinin dayandırılması təmin edilmişdir. Bu istiqamətdə işlər daimi əsasda davam edir.

 

Audiovizual yayıma texniki nəzarət sahəsində fəaliyyət

Audiovizual Şuranın il ərzində əsas fəaliyyət istiqamətlərindən biri ölkəmizdə televiziya və radio yayımına texniki nəzarət işlərinin həyata keçirilməsi olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamının icrası ilin əvvəlində tam təmin olunmuşdur. Bu proses çərçivəsində ümumölkə yerüstü radio yayımçılarına proqramlarının ölkə üzrə yayımının təmin olunması üçün 124 radiotezlik ayrılmışdır. Yayımın genişləndirilməsi işlərinin nəticəsində hazırda ümumölkə yerüstü radio kanalların (15 radio kanalın) proqramlarına demək olar ki, ölkə üzrə tam əlçatanlıq təmin edilmidşir.

“Yerüstü yayımın təmin olunması və siqnalın ötürülməsi ilə əlaqədar xidmət haqlarının məbləğinin təsdiq edilməsi barədə” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarından sonra ümumölkə televiziya və radio yayımçılarının maliyyə imkanları nəzərə alınmaqla əhalinin minimum 70%-ni yerüstü yayımla əhatə edən şəbəkənin qurulması üçün “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin (“Space TV” və “Space FM”), “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin (“İTV” və “İctimai Radio”), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (“Mədəniyyət TV” və “İdman TV”), “İnnovasiyalar Mərkəzi” MMC-nin (“ASAN Radio”) və “CTV” MMC-nin (“ARB Cənub”) yerüstü yayım şəbəkələrinin əhatə zonalarının optimallaşdırılması ilə bağlı müzakirələr aparılmış və müvafiq tövsiyələr verilmişdir.

İl ərzində Qarabağ və Şərqi Zəngəzur ərazisində yerüstü yayımın genişləndirilməsi üzrə də işlər həyata keçirilmişdir. Audiovizual Şuranın müvafiq qərarları ilə Ağdərə rayonu ərazisində yerləşən “Həsənriz”, “Talış” və “Kiçik Qarabəy” radio-televiziya yayım stansiyalarının (RTYS) hər biri üzrə 1, Xankəndi şəhəri ərazisində yerləşən “Xankəndi” RTYS-dən HD formatında açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının aparılması üçün isə 2 istifadəyə yararlı, boş olan TV yayım kanalı ayrılmışdır. Bundan əlavə, “Xankəndi” RTYS-dən 16 ümumölkə və bir regional radio kanallarının yayımı üçün FM diapazonundan istifadəyə yararlı, boş radiotezliklər yayımçıların istifadəsinə ayrılmışdır. Həmçinin, Ağdərə rayonu ərazisində yerləşən “Həsənriz kənd” RTYS-dən “Azərbaycan Radiosu”nun və ”İctimai Radio”nun yayımının həyata keçirilməsi üçün və Şuşa rayonu ərazisində yerləşən “Turşsu” RTYS-dən “İctimai Radio”nun yayımı üçün müvafiq radiotezliklər yayımçıların istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 oktyabr 2023-cü il tarixli, 818s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı”na əsasən ümumölkə radio yayımçılarının proqramlarının “DAB+” standartı üzrə rəqəmsal yerüstü yayımının həyata keçirilməsi üçün infrastruktur operatoruna “Xankəndi” RTYS üzrə radiotezlik zolağı ayrılmışdır.

İstifadə olunmayan radiotezliklərin səmərəli təyinatını müəyyən etmək məqsədilə “Radio TMB”-nin yayımı üçün Zaqatala rayonu ərazisində yerləşən “Danaçı” və Quba rayonu ərazisində yerləşən “Dağlı” RTYS-lərdən “Radio Qrup” MMC-nin, “Sağlam Radio”nun yayımı üçün Ağstafa rayonu ərazisində yerləşən “Poylu”, Quba rayonu ərazisində yerləşən “Dağlı” və Şirvan şəhəri ərazisində yerləşən “Şirvan” RTYS-lərdən “Sağlam Media” MMC-nin istifadəsinə ayrılmış radiotezliklərin həmin yayımçılar tərəfindən istifadəsinə xitam verilmişdir. 

2026-cı ildən başlayaraq işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən RTYS-lərdən açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının DVB-T2 standartı üzrə həyata keçirilməsi imkanları bütün ümumölkə yerüstü televiziya yayımçıları ilə müzakirə  olunmuş, onlara rəsmi sorğular verilmiş (oktyabr 2025-ci il), alınmış nəticələr əsasında hələlik, bu standart üzrə yayımın maddi problemlər səbəbindən mümkün olmaması müəyyən olunmuşdur.

Bakı şəhərində keçirilən “Formula 1” yarışları zamanı radiotezlik resurslarına olan tələbat nəzərə alınaraq və yarışda istifadə olunan radioelektron avadanlıqlara yarana biləcək maneələrin aradan qaldırılması məqsədilə müvafiq yerüstü televiziya yayımı və retranslyasiya xidmətləri aparılan TV yayım kanalları (radiotezliklər) üzrə yayımın və retranslyasiyanın müvəqqəti olaraq (17-21 sentyabr 2025-ci il tarixlərində) dayandırılması təmin olunmuşdur. 

İl ərzində müxtəlif vaxtlarda Audiovizual Şuranın yayıma nəzarət üzrə mütəxəssisləri tərəfindən Bakı şəhərində və Abşeron rayonunun bir sıra yaşayış məntəqələrinin ərazilərində televiziya və radio yayımın keyfiyyətinin müəyyən olunması məqsədilə ölçmə-monitorinq işləri aparılmışdır.

28-29 aprel 2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası ərazisində televiziya və radio yayımının vəziyyətinin öyrənilməsi, ümumölkə və regional yayımçıların proqramlarının əhatə zonalarının dəqiqləşdirilməsi məqsədilə Audiovizual Şuranın bir qrup mütəxəssisi muxtar respublikaya ezam olunmuşdur. “Naxçıvan TV”-nin və “Naxçıvan Radiosu”nun iş şəraiti və istismar olunan avadanlıqlarla tanışlıq yerinə yetirilmiş, avadanlıqların parametrləri haqqında məlumatlar toplanmışdır. Kəngərli rayonu ərazisində yerləşən “Duzdağ”, Ordubad rayonu ərazisində yerləşən “Dəstə”, Culfa  rayonu ərazisində yerləşən “Culfa” RTYS-lərin əhatə zonalarının yoxlanılması üçün monitorinq-ölçmə işləri aparılmış, nöqsanlar aşkar olunmuş, təkliflər verilmişdir. Efirdə xarici ölkə yayım stansiyaları tərəfindən yaradılan interferensiyalar öyrənilmiş, onların təsirinin azaldılması üçün kanalların dəyişdirilməsi üzrə təkliflər verilmişdir.

09-11 oktyabr 2025-ci il tarixlərində Qarabağ və Şərqi Zəngəzur bölgəsində televiziya və radio yayımının vəziyyətinin öyrənilməsi, televiziya və radio yayımçılarının proqramlarının əhatə zonalarının dəqiqləşdirilməsi üçün işğaldan azad edilmiş bölgələrə texniki ölçmələr məqsədilə qrup ezam olunmuşdur. Beyləqan, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa və Xocavənd rayonları, həmçinin Xankəndi şəhərində monitorinq-ölçmə işləri aparılmış, Xocavənd rayonu ərazisində yerləşən “Şahyeri”, Şuşa rayonu ərazisində yerləşən “Şuşa”, Zəngilan rayonu ərazisində yerləşən “Mincivan” və Laçın rayonu ərazisində yerləşən “Laçın” RTYS-lərin yaratdıqları sahə gərginlikləri ölçülmüş, müqayisələr aparılmış, yayım olmayan (“ölü”) nöqtələr aşkar edilmiş, yayımın daha əhatəli olması üçün təkliflər hazırlanmışdır.

03-05 dekabr 2025-ci il tarixlərində Qusar rayonu ərazisində yayım keyfiyyətinin yoxlanılması, RTYS-lərin əhatə zonalarının dəqiqləşdirilməsi məqsədilə şimal bölgəsinə ezamiyyət təşkil olunmuşdur. Quba rayonu ərazisində yerləşən “Dağlı”, Qusar rayonu ərazisində yerləşən “Cibir” və “Şahdağ” və Xaçmaz rayonu ərazisində yerləşən “Yalama” RTYS-lərin yaratdıqları sahə gərginlikləri ölçülmüş, əhatə zonaları dəqiqləşdirilmiş, yayım olmayan sərhədyanı ərazilər müəyyən olunmuşdur. Həmin ərazislərdə yalnız dövlət və ictimai televiziya kanallarının yayımlanması nəzərə alınaraq alınmış nəticələr əsasında özəl yayımçılara həmin bölgələrdə yayımın təşkil edilməsi istiqamətində tövsiyələr verilmişdir.

Yerüstü yayım zamanı səs yüksəkliyinin səviyyəsinin normalar daxilində təmin edilməsinin yoxlanılması məqsədilə il ərzində iki dəfə (aprel və noyabr aylarında) ümumölkə yerüstü televiziya kanallarının, bir dəfə (noyabr ayı ərzində) isə ümumölkə yerüstü radio kanallarının yayımının səs səviyyəsi monitorinq olunmuş, nəticələr əsasında yayımçılara zəruri bildirişlər verilmişdir. 

 

  1. Vətəndaş müraciətləri

2025-ci il ərzində Audiovizual Şuraya təkrar müraciətlər də nəzərə alınaraq 384 vətəndaş müraciəti daxil olmuşdur. Müraciətlərdən 180-i ərizə, 200-ü şikayət və 4-ü təklif olmuşdur. Müraciətlərdən 8-i kollektiv müraciət olmuşdur. Bütün müraciətlərdən 52 ədədi poçt, 246-ı elektron poçt və 86-ı telefon vasitəsilə qəbul olunmuşdur.

Vətəndaşlardan daxil olan 4 təklifin hamısı televiziya kanallarında yayımlanan proqramlar və aparıcılarla bağlı olmuşdur. Həmin təklifllərin hamısı müvafiq kanallara göndərilmiş və nəzərə alınması tövsiyə olunmuşdur.

Daxil olan 180 ərizənin məzmun üzrə bölgüsü belə olmuşdur:

  •   70 - işlə təmin olunma ilə bağlı müraciət;
  •   31 - lisenziyanın verilməsi ilə bağlı müraciət;
  •   31 - audiovizual media ilə bağlı informasiya sorğusu;
  •   11 - televiziya reklamları ilə bağlı müraciət;
  •    8 - televiziya efirinə çıxmaq üçün müraciət;
  •    7 - mobil tətbiqin istifədəsinə icazə verilməsi ilə bağlı müraciət;
  •    6 - rəqəmsal yayım, radiotezlik məsələləri və səs-təsvir ilə bağlı müraciət;
  •    5 - digər növ dəstəyin göstərilməsi ilə bağlı müraciət;
  •    4 - maddi yardım göstərilməsi üçün müraciət;
  •    3 - efirdə olmuş materialların əldə olunması ilə bağlı müraciət;
  •    2 - Audiovizual Şuranın tənzimləmə sferasına aid olmayan müraciət;
  •    1 - əmək veteranı vəsiqəsi üçün müraciət;
  •    1 - Media reyestri ilə bağlı müraciət.

Daxil olan 200 şikayətin məzmun üzrə bölgüsü belə olmuşdur:

  • 127 - televiziya proqramlarından şikayət;
  •   17 - yayımın texniki keyfiyyətindən şikayət;
  •   17 - Audiovizual Şuranın tənzimləmə sferasına aid olmayan müraciət;
  •     9 - reklamların məzmunundan və sayından şikayət;
  •     8 - retranslyasiya operatorlarından şikayət;
  •     6 - lisenziya almamış internet kanallarından şikayət;
  •     5 - idman kanallarının yayımının olmamasından şikayət;
  •     4 - Audiovizual Şuraya işə qəbul üçün keçirilən müsabiqədən şikayət;
  •     3 - “pirat” yayım xidmətlərindən şikayət;
  •     2 - radio proqramlardan şikayət;
  •     2 - sosial çarxların məzmunundan şikayət.

 

Audiovizual Şuranın təşkilatçılığı və iştirakı ilə keçirilmiş ölkədaxili görüşlər və tədbirlər

14 fevral tarixində Audiovizual Şuranın sədri İsmət Səttarovun media-brifinqi keçirilmişdir. Brifinqdə ölkənin 30-dan çox media subyektinin (televiziya, radio, informasiya agentliyi, xəbər saytları) nümayəndələri iştirak etmişlər. Audiovizual Şuranın sədri jurnalistlərə 2024-cü ilin hesabat xarakterli məlumatlarını çatdırmış və 2025-ci ildə planlaşdırılan fəaliyyətdən bəhs etmişdir. İsmət Səttarov vətəndaş şikayətlərinin cavablandırılması, aparılan monitorinq və alınan şikayətlər əsasında həyata keçirilmiş hüquqi tədbirlərdən, dövlət tərəfindən audiovizual yayımçılara göstərilən dəstəkdən, dövlət sifarişi əsasında proqramların istehsalı ilə bağlı Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın birgə keçirdiyi müsabiqə və onun müsbət nəticələrindən, ümumölkə statuslu kanalların proqramlarının janr bölgüsündən, 2024-cü il ərzində yayımlanmış sosial çarxlardan, milli seriallar və cizgi filmlərinin yayımı sahəsində mövcud vəziyyətdən, əlilliyi olan şəxslərin televiziyadan istifadə imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən geniş məlumat vermiş, jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

25 fevral 2025-ci il tarixində Audiovizual Şurada ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının məsul şəxsləri ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılmışdır. Televiziya yayımında "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"na uyğun, o cümlədən, uşaqların əqli, mənəvi və fiziki inkişafına mənfi təsir göstərən yayımlara qarşı mübarizəyə həsr olunmuş, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun tələbləri ilə bağlı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə haqqında, gənclər arasında ailənin və nikahın əhəmiyyətinə, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair, qızların təhsildən yayınması hallarının qarşısının alınması və gənclər arasında reproduktiv sağlamlıq istiqamətində maarifləndirməyə həsr olunmuş, gender bərabərliyi və gender əsaslı zorakılıqla mübarizə ilə bağlı mövzularda proqramların hazırlanması və yayımlanması sahəsində yayımçılara zəruri tövsiyələr verilmiş, həmçinin yayımçılar tərəfindən Audiovizual Şuraya təqdim olunan hesabatlara dair məsələlər müzakirə olunmuşdur. 

14 aprel 2025-ci il tarixində Audiovizual Şuranın hüquq istiqaməti üzrə əməkdaşları AQUPDK-nın təşkil etdiyi “Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları” mövzusunda təlimdə iştirak etmişlər.

28-29 aprel 2025-ci il tarixlərində Audiovizual Şuranın üzvü İsa Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti televiziya və radio yayımlarının vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri ilə görüş keçirilmiş, televiziyanın iş şəraiti ilə tanışlıq olmuşdur. Nümayəndə heyətinə "Naxçıvan TV" və "Naxçıvan Radiosu" proqramlarının hazırlanması, yayıma buraxılması, prosesə texniki nəzarət, materialların saxlanılması ilə bağlı geniş məlumat verilmişdir. Daha sonra nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzində olmuş, radioverici mərkəzin təhcizatı və avadanlıqların parametrlərinə baxış keçirilmişdir. Muxtar respublika ərazisində televiziya və radio yayımının keyfiyyəti öyrənilmiş, "DAB+" standartlı rəqəmsal radio yayımına keçid imkanları nəzərdən keçirilmişdir. Səfər çərçivəsində həmçinin, Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli ilə görüş keçirilmişdir. Görüşdə muxtar respublika ərazisində televiziya və radio yayımının texniki keyfiyyəti, qonşu ölkələrdən efirə müdaxilə, radio-televiziya yayım stansiyalarının təhcizat səviyyəsi müzakirə olunmuşdur. Görüş zamanı proqramların paylanması şəbəkəsinin ümumi rabitə şəbəkəsinə inteqrasiyası məsələsi barədə fikir mübadiləsi aparılmışdır. Nümayəndə heyəti Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova ilə də görüşmüşdür. Görüşdə muxtar respublikada regional media subyektlərinin inkişafı üçün Audiovizual Şura və Medianın İnkişafı Agentliyi tərəfindən birgə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd edilmişdir.

20 may 2025-ci il tarixində Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə 11 aprel 2025-ci il tarixdən qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişikliklər və həmin dəyişikliklərə əsasən informasiya proqramlarında işarət dilinin tətbiqi məsələsi müzakirə olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri ilə bağlı yayımçılara geniş məlumat verilmiş, Qanunun tələblərinin yerinə yetirilməsinin təmin olunması mərhələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Yayımçıların nümayəndələri qeyd olunan istiqamətdə intensiv işlərin həyata keçirildiyini və yaxın zamanlarda televiziya kanallarında praym-taym zamanı yayımlanan informasiya proqramlarının işarət dili tərcüməsi ilə müşayiətinin təmin ediləcəyini bildirmişlər. Müzakirələrin sonunda həyata keçirilən işlərlə bağlı daimi kommunikasiyanın saxlanılması, bu istiqamətdə mövcud çətinliklər və onların qarşılıqlı əməkdaşlıq formatında aradan qaldırılması ilə bağlı razılıq əldə olunmuşdur.

04 iyun 2025-ci il tarixində Audiovizual Şuranın hüquq istiqaməti üzrə əməkdaşları AQUPDK-nın təşkil etdiyi “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masada iştirak etmiş, audiovizual mediada uşaqların zərərli təsirlərdən qorunması ilə bağlı çıxış etmişlər.

17 iyun 2025-ci il tarixində Audiovizual Şuranın təşkilatçılığı ilə "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" mövzusunda görüş keçirilmişdir. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən televiziya yayımçılarının nümayəndələri, o cümlədən qeyri-hökümət təşkilatlarının təmsilçiləri iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda 11 aprel 2025-ci il tarixli dəyişikliklər və həmin Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri, televiziyalarda işarət dilinin tətbiqinin hazırki vəziyyəti, ortaya çıxan problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur. Tədbirdə audiovizual yayımçılar tərəfindən işarət dilinin tətbiqi, yayımçıların öhdəlikləri, bu istiqamətdə görülən işlər, prosesin icrası zamanı ortaya çıxan problemlər və digər məsələlələr barədə ətraflı müzakirələr aprılmış, təkliflər verilmişdir. 

17 sentyabr 2025-ci il tarixində Ədliyyə Nazirliyi və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması və dövlət idarəçiliyində dil mədəniyyətinin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir keçirilmişdir. Ədliyyə Akademiyasında keçirilən tədbirdə Azərbaycan dilinin qorunması, qloballaşma dövründə onun istifadəsinin daha da genişləndirilməsi, ictimaiyyətlə ünsiyyətdə ədəbi dil normalarının düzgün tətbiqi, eləcə də peşəkar üslubun formalaşdırılması kimi mövzular müzakirə olunmuşdur. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini, Azərbaycanın əməkdar artisti, telejurnalist, rejissor Rafiq Həşimov mövzu ilə bağlı çıxış edərək dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin vacibliyini vurğulamışdır. İnteraktiv müzakirələr zamanı iştirakçıların sualları cavablandırılmış, onlara ədəbi dil normalarının düzgün tətbiqi və nitq mədəniyyətinin qorunması barədə məlumat verilmişdir.

30 sentyabr 2025-ci il tarixində Audiovizual Şuranın hüquq istiqaməti üzrə əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunan dövlət xidmətlərinin "ASAN xidmət indeksi" üzrə qiymətləndirilməsi ilə bağlı onlayn görüşdə iştirak etmişlər.

06-07 oktyabr 2025-ci il tarixlərində Audiovizual Şuranın bir neçə əməkdaşı AQUPDK-nın təşkil etdiyi uşaqların zərərli informasiyadan qorunması istiqamətində keçirilən təlimdə iştirak etmişlər.

08 oktyabr 2025-ci il tarixində Audiovizual Şuranın hüquq istiqaməti üzrə əməkdaşları Azərbaycan   Respublikasının  Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi tərəfindən təşkil edilən onlayn iclasda iştirak etmişlər.

02 dekabr 2025-ci il tarixində Audiovizual Şurada peyk yayımı həyata keçirməyən platforma yayımçılarının və sifarişli yayım xidməti provayderlərinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüş platforma yayımı və sifarişli yayım xidməti sahəsində "Media haqqında" Qanunun tələblərinə əməl edilməsi vəziyyətinə həsr edilmişdir. Platforma yayımçıları və sifarişli yayım xidməti provayderləri, onların fəaliyyəti, bu fəaliyyətin hüquqi və tənzimləyici çərçivələri, lisenziyaların verilməsi və ləğv edilməsi qaydaları ilə bağlı ətraflı məlumat verilmiş, "Media haqqında" Qanundan irəli gələn öhdəliklər, yayım saatları ilə bağlı minimal tələblər, monitorinq və nəzarət prosesindən bəhs edilmişdir.

Bundan başqa, Audiovizual Şura 2025-ci il ərzində 5 dəfə (4 mart, 23 aprel, 23 may, 31 oktyabr və 28 noyabr) BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün seminar təşkil etmişdir. Seminarlarda Azərbaycanda media, o cümlədən audiovizual medianın tənzimlənməsi, hüquqi çərçivələr, media azadlığı və jurnalist etikası, süni zəka və media savadlılığı kimi mövzular üzrə təqdimatlar edilmiş, tələbələri maraqlandıran suallara cavab verilmişdir.

 

Beynəlxalq əməkdaşlıq üzrə fəaliyyət, xarici qonaqlarla görüşlər və beynəlxalq tədbirlərdə iştirak

İl ərzində Audiovizual Şura tərəfindən xarici əməkdaşlıq istiqamətində bir sıra tədbirlərdə, toplantılarda, görüşlərdə fəaliyyət aparılmışdır.

28 fevral 2025-ci il tarixində Audiovizual Şuranın nümayəndələri Ankara şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyə Radio-Televiziya Ali Şurasının (RTÜK) təşkilatçılığı ilə “Mediada qadınların təmsilçiliyi” mövzusunda beynəlxalq dəyirmi masada iştirak etmişlər. Türkiyə, Azərbaycan, Albaniya, Serbiya və Yunanıstanı təmsil edən 150-dən çox nümayəndə 8 fərqli dəyirmi masa ətrafında bir çox mövzuları müzakirə etmişlər. Müxtəlif ölkələrdə media siyasətinin qadın hüquqlarının qorunmasında rolu, qadınların mediada təmsilçiliyinə mədəni maneələrin təsiri, gender balanslı media mühitinin yaradılması üçün beynəlxalq əməkdaşlığın vacibliyi, qadınlara qarşı şiddətlə mübarizə yolları kimi mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. Audiovizual Şura sədrinin müşaviri Haşim Əliməmmədzadə Azərbaycanın audiovizual məkanında qadın hüquqlarının, gender bərabərliyinin təmin olunması, mediada qadınların təmsil olunması ilə bağlı aparılan fəaliyyətdən danışmış, bu istiqamətdə baş vermiş bəzi pozuntu hallarına qarşı Audiovizual Şuranın tətbiq etdiyi məhdudiyyətləri və tənzimləyici mexanizmləri diqqətə çatdırmış, qeyd olunan mövzu ilə bağlı audiovizual media subyektləri ilə sıx əməkdaşlığın həyata keçirildiyini qeyd etmişdir. 

15 aprel 2025-ci il tarixində Bakıda Audiovizual Şuranın təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan, Türkiyə,  Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Moldova və Gürcüstanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin, həmçinin, AQUPDK-nın və Medianın İnkişafı Agentliyinin məsul şəxslərinin bir araya gəldiyi toplantının əsas mövzusu "Media xidmətlərində uşaqların müdafiəsi" olmuşdur.

29-30 aprel 2025-ci il tarixlərində Audiovizual Şura aparatının rəhbəri Fazil Novruzov Türkiyənin Ankara şəhərində RTÜK-ün təşkilatçılığı ilə "Şüurlu Cəmiyyət üçün Güclü Media" adlı beynəlxalq sammitdə iştirak etmişdir. Fazil Novruzov sammit çərçivəsində "Neqativ media məzmununun cəmiyyətə və sosial davranışa təsiri və alternativ həll təklifləri" adlı xüsusi panel sessiyada panelist qismində çıxış etmiş, Azərbaycan mediasında mövcud olan neqativ informasiyanın səbəbləri, neqativ informasiyanın növlərindən sayılan dezinformasiya, saxta xəbər, şiddət və qorxu, ailə institutunu nüfuzdan salan məzmun, uşaqlar üçün zərərli olan informasiya kimi təzahürlərə qarşı aparılan mübarizədən, bu mübarizə çərçivəsində Audiovizual Şuranın apardığı fəaliyyətdən bəhs etmişdir.

14-16 may tarixlərində Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov və Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Moldovanın paytaxtı Kişineu şəhərində Avropa Tənzimləyici Orqanlarının Platformasının (EPRA) 61-ci Toplantısında iştirak etmişlər. Avropanın ən nüfuzlu audiovizual media tənzimləyicilərinin şəbəkəsi olan EPRA-nın bu Toplantısına 48 Avropa dövlətindən 50 audiovizual media üzrə tənzimləyici orqanın nümayəndələri, həmçinin, Avropa Komissiyasının, ATƏT Media Bürosunun, Avropa Şurası Media Bölümünün, Avropa Audiovizual Observatoriyasının müşahidəçiləri, habelə UNESCO-nun, "Meta" və "Cullen İnternational" şirkətlərinin ekspertləri daxil olmaqla 150-dən çox nümayəndə və ekspert qatılmışdır. Toplantı zamanı "Onlayn mühitdə uşaqların müdafiəsi", "Media savadlılığı", "Tənzimləyicilər üçün yeni çağırışlar", "Video paylaşım və sosial şəbəkə platformaları, onların təsiri" mövzularında çıxışlar edilmişdir.

23-26 iyun tarixlərində Audiovizual Suranın sədri İsmət Səttarovun da tərkibində təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Şanxay şəhərində keçirilən və televiziya sahəsində beynəlxalq əhəmiyyət daşıyan 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində və digər tədbirlərdə iştirak məqsədilə Çin Xalq Respublikasında səfərdə olmuşlar. Səfər çərçivəsində nümayəndə heyətinin Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon ilə görüşü baş tutmuşdur. Daha sonra qonaqlar Şanxay Media Qrupunun efir və montaj otaqları, texnoloji infrastrukturu və rəqəmsal yayım sistemləri ilə yaxından tanış olmuşlar.

24 iyun tarixində Azərbaycan nümayəndə heyəti ilə Çin Xalq Respublikasının Radio və Televiziya Baş Dövlət İdarəsinin naziri xanım Çao Şumin və qurumun digər yüksək vəzifəli şəxsləri ilə görüş keçirilmişdir. Görüş zamanı “Azərbaycan Respublikası Audiovizual Şurası və Çin Xalq Respublikasının Radio Yayımı və Televiziya Baş Dövlət İdarəsi arasında Əməkdaşlıq haqqında Memorandum” imzalanmışdır. Memorandumun məqsədi radio və televiziya yayımı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və kadr mübadiləsinin sürətləndirilməsidir.

Bundan başqa, səfər çərçivəsində nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında, Çin Media Qrupda və Çin Kommunikasiya Universitetində olmuş, səmərəli fikir mübadiləsi aparılmışdır. 

23-27 iyun 2025-ci il tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində Audiovizual Şura, Serbiya Respublikasının Elektronik Media üzrə Tənzimləyici Qurumu (REM) və RTÜK arasında üçtərəfli əməkdaşlıq çərçivəsində ilk təcrübə mübadiləsi proqramı həyata keçirilmişdir. Proqramın əsas məqsədi audiovizual medianın tənzimlənməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və qarşılıqlı öyrənmə mühitinin təşviq edilməsi olmuşdur.

10 iyul 2025-ci il tarixində Audiovizual Şuranın sədri İsmət Səttarov Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşmüşdür. İsmət Səttarov qonağa Audiovizual Şuranın fəaliyyəti, gördüyü işlər, audiovizual media sahəsinin tənzimlənməsi, bu istiqamətdə həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat vermişdir. Görüşdə televiziya kanalları arasında əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin kanallarının qarşılıqlı şəkildə yayımlanmasının təmin olunması və bu istiqamətdə texniki və hüquqi məsələlərin həlli üçün əməkdaşlığın vacibliyi qeyd edilmişdir. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.

19-21 iyul 2025-ci il tarixlərində Audiovizual Şuranın nümayəndələri 3-cü Şuşa Qlobal Media Forumunda iştirak etmişdir. 3-cü Şuşa Qlobal Media Forumu "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunmuşdur. Sürətlə dəyişən informasiya mühitində rəqəmsal texnologiyaların mediaya təsiri, süni intellektin xəbər istehsalı və yayımındakı artan rolu, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasında media savadlılığının əhəmiyyətinə dair müzakirələrin aparılması məqsədilə Forumda 52 ölkədən 140 xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak etmişdir.

25 avqust 2025-ci il tarixində Audiovizual Şuranın sədri İsmət Səttarov Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun iştirakı ilə Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə iştirak etmişdir. Görüş zamanı "Media haqqında" Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlər, habelə media savadlılığının artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edilmiş, kütləvi informasiyanın istehlakçı tərəfindən təhlilinin vacibliyi vurğulanmışdır.

03 sentyabr 2025-ci il tarixində Qazaxıstan Respublikasının “Qazaqstan TV” və “24 KZ” televiziya kanallarının Azərbaycan Respublikası ərazisində peyk vasitəsilə yayımlanması məsələsini müzakirə etmək məqsədilə onlayn görüş keçirilmişdir. Görüşdə Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, “Qazaqstan TV” və “24 KZ” kanallarının nümayəndələri, Azərbaycan Respublikası Kosmik Agentliyinin sədrinin müşaviri və Audiovizual Şura aparatının məsul şəxsləri iştirak etmişlər.

16-18 sentyabr 2025-ci il tarixlərində Audiovizual Şuranın sədri İsmət Səttarovun başçılıq etdiyi nümayəndə heyəti Albaniyanın Vlora şəhərində QDİƏT-ə üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 12-ci Toplantısında iştirak etmişdir. Tədbirin mövzusu “Audiovizual və onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı” olmuşdur.

Səfər çərçivəsində Audiovizual Şuranın sədri İsmət Səttarovun Albaniyanın Audiovizual Media Qurumunun (AMA) sədri xanım Armela Krasniqi ilə görüşü olmuşdur. Görüş zamanı münasibətlərin daha da gücləndirilməsi üçün böyük imkanların olduğu təsdiq edilmişdir. Audiovizual Şura və AMA arasında Anlaşma Memorandumunun ilkin layihəsi hazırlanmış, müzakirələr aparılmışdır. Memorandumun yaxın zamanlarda imzalanması nəzərdə tutulmuşdur.

29 sentyabr 2025-ci il tarixində Audiovizual Şuranın sədri İsmət Səttarov 2-ci Azərbaycan – Özbəkistan Media Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanovun rəhbər etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüş zamanı iki qardaş ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi vurğulamış, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir. Həmin gün Özbəkistan nümayəndə heyəti Audiovizual Şuranın sədri İsmət Səttarov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə birgə Zəfər parkında olmuş, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsini ziyarət etmişlər.

30 sentyabr 2025-ci il tarixində “Rəqəmsal Transformasiya və Media” mövzusunda 2-ci Azərbaycan – Özbəkistan Media Forumu keçirilmişdir. Forumda Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov və Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Nozima Muratova açılış nitqləri ilə çıxış etmişlər. Forum çərçivəsində Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiyada iştirak etmişdir. 

03-06 noyabr 2025-ci il tarixlərində Audiovizual Suranın sədri İsmət Səttarovun da tərkibində təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Rumıniya Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rumınıyanın Parlament binasında, senator Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik etdiyi senator qrupu ilə görüşdə iştirak etmişdir. Görüşdə Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, “Azərtac”-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və nümayəndə heyətinin digər üzvləri iştirak etmişlər. İsmət Səttarov Azərbaycanın audiovizual media siyasəti, media tənzimləmə təcrübəsi və son illərdə həyata keçirilən islahatlar barədə məlumat vermişdir. O qeyd etmişdir ki, Azərbaycan media mühitinin şəffaflığını artırmaq, rəqəmsal yayımı inkişaf etdirmək və ictimai yayımın müstəqilliyini gücləndirmək istiqamətində mühüm addımlar atılmışdır.

Həmin gün Azərbaycan nümayəndə heyəti Rumıniyanın Milli Audiovizual Şurasının qərargahında qurumun vitse-prezidenti, prezident vəzifəsini icra edən Valentin-Aleksandru Jukan ilə görüşmuşdür. Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanda audiovizual media sahəsində görülən işlər, tənzimlənmə prosesi, bu istiqamətdə həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat vermişdir. Görüşdə media tənzimləməsi, yayım etikası, dezinformasiya ilə mübarizə, audiovizual istehsal bazarının inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Audiovizual Şuranın sədri bildirmişdir ki, iki ölkə arasında audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi və daha yüksək mərhələyə qədəm qoyması imkanları mövcuddur.

04 noyabr 2025-ci il tarixində nümayəndə heyəti Rumıniya Parlamentinin Deputatlar Palatasında Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri üzrə komissiyanın sədri Corc Mihail Neamtsu ilə görüş keçirmişdir. Görüşdə iki ölkə arasında mədəni, humanitar və media əməkdaşlığının genişləndirilməsi, eləcə də ictimai diplomatiya, ailə dəyərlərinin qorunması və informasiya təhlükəsizliyi sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.

27 noyabr 2025-ci il tarixində Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilmişdir. Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov  tərəfindən TDT çərçivəsində audiovizual media sahəsində həyata keçirilən tədbirlər, birgə layihələr, Audiovizual Şura tərəfindən görülən işlər haqqında məlumat verilmişdir. TDT-nin media və informasiya sahəsi üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə edilmiş, 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənmişdir. Həmçinin, TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılmışdır. Günün ikinci yarısı TDT Media Forumu keçirilmiş, rəqəmsal media mühitində üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları mövzusu müzakirə olunmuşdur.

28 noyabr 2025-ci il tarixində Bakıda TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilmişdir. Audiovizual Şuranın sədri İsmət Səttarov və aparat rəhbəri Fazil Novruzov toplantıda iştirak etmişlər. Toplantı çərçivəsində üzv dövlətlərin qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri nəzərdən keçirilmiş, TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 8-ci toplantısının növbəti il Qazaxıstanda keçirilməsi qərara alınmışdır. 7-ci toplantının sonunda Kommünike qəbul edilmişdir.

05 dekabr 2025-ci il tarixində Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu keçirilmişdir. Forum çərçivəsində “İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün media ekosisteminin möhkəmləndirilməsi” mövzusunda keçirilən ilk panel sessiyasının moderatoru Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov olmuşdur. Panel zamanı texnoloji təkamülün media mühitinə çoxşaxəli təsiri, etibarlı informasiya mühitinin qorunması, sosial medianın əsas məlumat mənbələrindən birinə çevrilməsi, eləcə də rəqəmsal alətlər vasitəsilə müxtəlif auditoriyalarla daha effektiv kommunikasiyanın qurulması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

22 dekabr tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən və "Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı" mövzusuna həsr olunan konfrans çərçivəsində "Dövlətin media və cəmiyyət ilə kommunikasiyası media savadlılığı kontekstində" adlı dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Amerika Birləşmiş Ştatları, Albaniya, Qazaxıstan, Macarıstan, Pakistan və Özbəkistanı, həmçinin ölkəmizi təmsil edən aidiyyəti qurumların sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Audiovizual Şuranı təmsil edən aparat rəhbəri Fazil Novruzov öz çıxışında bildirmişdir ki, rəqəmsal texnologiyalar informasiyanın alınması mənbələrini və formalarını şaxələndirmişdir. O, bu yeni media mühitində Audiovizual Şuranın məlumatlılığın artırılması və media savadlılığı sahəsində həyata keçirdiyi fəaliyyətdən danışmışdır. Müzakirələr zamanı dövlətin informasiya siyasətinin formalaşdırılmasında media savadlılığının rolu, rəqəmsal platformalarda etibarlı və məsuliyyətli kommunikasiya mexanizmləri, eləcə də süni intellektin ictimai məlumatlandırma prosesinə təsiri ətrafında fikir mübadiləsi aparılmışdır.