Audiovizual Şuranın iclası keçirilmişdir
24 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir. İclasda müvafiq lisenziyaların verilməsi üçün daxil olan müraciətlər müzakirə olunmuşdur.
Audiovizual Şuranın verdiyi universal platforma operatoru lisenziyası ilə fəaliyyət göstərən "Ultel" MMC-nin adının dəyişməsi ilə əlaqədar olaraq, müvafiq lisenziyanın "Ultranet Telco Services" MMC-nin adına (operatorun xidmət adı "UltraNet Telco Services" olmaqla) yenidən rəsmiləşdirilməsi haqqında qərar qəbul edilmişdir.
Daha sonra "CityNet" xidmət adı ilə universal platforma operatoru fəaliyyəti həyata keçirən "Uninet" MMC-nin peyk yayımı həyata keçirməyən platforma yayımçısı və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi üçün müvafiq müraciətlərinə baxılmışdır. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "Uninet" MMC-yə televiziya kanallarının adı "CityNet Hits" və "CityNet Premier" olmaqla 2 peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının və xidmət adı "CityNetTV" olmaqla sifarişli yayım xidməti provayderi lisenziyasının verilməsi haqqında müvafiq qərarlar qəbul etmişdir.
İclas bitdikdən sonra Audiovizual Şura üzvlərinin və aparatının məsul rəhbər şəxslərinin birgə toplantısı keçirilmişdir. Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsis olunmuş "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif olunmuş şəxslərə medalları təqdim etmiş, onlara gələcək uğurlar arzulamışdır. Təltif olunmuş Şura üzvləri və məsul şəxslər dövlət başçısına, həmçinin Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın rəhbərliyinə göstərilən diqqət və təltifə görə təşəkkür etmişlər.