Bakıda Azərbaycan – Gürcüstan Media Forumu keçirilmişdir
5 dekabr 2025-ci il tarixində Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu keçirilmişdir.
Tədbirin açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək iki ölkə arasında informasiya mübadiləsinin sistemli şəkildə genişləndirilməsi, media subyektləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq kommunikasiya gündəminin formalaşdırılmasının regionda sabitlik və davamlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. O vurğulamışdır ki, rəqəmsallaşma və sosial media platformalarının sürətli inkişafı informasiya axınını xeyli intensivləşdirərək peşəkar medianın rolunu daha da artırır, informasiya təhlükəsizliyi siyasətinin daha effektiv şəkildə həyata keçirilməsini zəruri edir.
Forum çərçivəsində birinci panel sessiya "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" mövzusuna həsr olunmuşdur. Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluq etdiyi paneldə "ARB24" telekanalının icraçı direktoru Radik İsmayılov, Gürcüstanın "Eurocracy-Former Europe" proqramının aparıcısı İoane Şaişmelaşvili, Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev, Gürcüstanın İctimai Televiziyasının "Rəngarəng Gürcüstan" layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva spiker qismində çıxış etmişlər. Panel zamanı texnoloji təkamülün media mühitinə çoxşaxəli təsiri, etibarlı informasiya mühitinin qorunması, sosial medianın əsas məlumat mənbələrindən birinə çevrilməsi, eləcə də rəqəmsal alətlər vasitəsilə müxtəlif auditoriyalarla daha effektiv kommunikasiyanın qurulması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
"Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusunda ikinci panel sessiyaya Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova moderatorluq etmişdir. Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova, Qriqol Robakidze Universitetinin Humanitar və Sosial Elmlər Məktəbinin professoru, Multimedia Mərkəzinin rəhbəri Maia Paçkoriya, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, eləcə də Gürcüstanın "PosTV" telekanalının analitik qrupunun nümayəndəsi Gia Abaşidze spiker qismində çıxış edərək jurnalistlərin peşəkarlığının artırılması, cəmiyyətin media savadlılığının yüksəldilməsi və bu sahədə ikitərəfli əməkdaşlığın rolu ilə bağlı fikirlərini bölüşmüşlər.